Avtomobil

“Li Auto”dan qərar: Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq

Çinin ən sürətlə böyüyən avtomobil istehsalçılarından olan “Li” (Lixiang Auto) Azərbaycanda və digər ölkələrdə rəsmi xəbərdarlıq yayıb. Şirkətin qlobal rəhbərliyi açıq şəkildə bəyan edib ki, boz bazar vasitəsilə ölkələrə gətirilən “Li” avtomobilləri sistemdən tamamilə bloklanacaq və bu avtomobillərdə heç bir funksiyadan istifadə mümkün olmayacaq.

Kingsley Guojiandan sərt xəbərdarlıq

“Lixiang Auto”nun region direktoru Kingsley Guojian məsələyə münasibət bildirərək çox sərt və qətiyyətli açıqlama verib:

“Biz birmənalı şəkildə bəyan edirik ki, rəsmi satış mərkəzindən kənar əldə edilən bütün “Li” avtomobilləri dərhal bloklanacaq. Bu bloklama nəticəsində avtomobilin multimedia sistemi, batareya idarəetməsi, ağıllı köməkçi funksiyaları, uzaqdan idarəetmə imkanları, proqram yenilənmələri və hətta bəzi əsas idarəetmə modulları tamamilə deaktiv ediləcək. Belə avtomobillər texniki baxımdan işlək vəziyyətdən çıxarılacaq. Başqa sözlə, istifadəçi minlərlə dollar xərcləyərək yalnız “bloklanmış kərpic” almış olacaq. Bu məsuliyyətin bütün ağırlığı isə yalnız alıcının üzərindədir”.

Kingsley Guojian əlavə edib ki, “Li” şirkəti müştərilərinin təhlükəsizliyini, uzunmüddətli istifadəsini və məmnuniyyətini hər şeydən üstün tutur. Onun sözlərinə görə, boz bazar vasitəsilə gətirilən avtomobillərin heç biri bu prinsiplərə cavab vermir və bu səbəbdən belə avtomobillərə nə servis xidməti, nə zəmanət, nə də proqram təminatı dəstəyi göstəriləcək.

Qərarın məqsədi

Şirkətin qlobal ofisindən verilən açıqlamaya görə, bu addımın əsas məqsədi – müştərilərə yalnız rəsmi dəstək, orijinal ehtiyat hissələri və təhlükəsizlik standartlarına uyğun avtomobillər təqdim etməkdir. Rəsmi satış kanalları vasitəsilə alınan hər bir “Li” avtomobili tam zəmanət, proqram yenilənmələri və peşəkar texniki dəstək ilə təmin edilir.

Qlobal rəhbərlik vurğulayır ki, boz bazar yalnız alıcıların aldadılması və təhlükə ilə üz-üzə qalması deməkdir. Gələcəkdə belə avtomobillərin ehtiyat hissələri təminatı və servis xidmətlərinə çıxışı da tamamilə qeyri-mümkün olacaq.

Mütəxəssislərdən xəbərdarlıq

Avtomobil ekspertləri bildirirlər ki, qeyri-rəsmi kanallar vasitəsilə avtomobil almaq, qısa müddətdə daha ucuz görünsə də, uzunmüddətli perspektivdə həm maliyyə, həm də təhlükəsizlik baxımından istifadəçiyə daha baha başa gələcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)