"S&P" Azərbaycan Biznesinin İnkişafı Fondunun reytinqini yüksəldib

Standard and Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəldib.
Bu barədə Fonddan bildirilib.
Məlumata əsasən, Fondun qısamüddətli kredit reytinqi “B” səviyyəsində təsdiqlənib və yaxın gələcəkdə reytinqin "stabil" qalacağı proqnozlaşdırılır.
Fondun ölkə iqtisadiyyatının inkişafında rolu, dövlət və özəl sektor arasında əlaqələndirici mövqeyi reytinq agentliyi tərəfindən müsbət qiymətləndirilib. Reytinqin yüksəldilməsinə təsir göstərən başlıca faktor isə ABİF-in risk mövqeyinin yaxşılaşması olub.
Reytinq qloballaşan bazarın tələblərinə uyğunlaşmaq, ABİF-in cari və potensial tərəfdaşları arasında etibarlılığını artırmaq və gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilməsi baxımından əhəmiyyət kəsb edir.
23 dekabr 2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşməsi nəticəsində təsis edilmiş ABİF sözügedən qurumların hüquqi varisidir və ümumilikdə 1,4 milyard manatlıq ativə sahibdir. Bu il avqustun 1-nə qədər Fondun güzəştli kredit mexanizmi çərçivəsində 54 mindən çox layihəyə 3,4 milyard manatdan çox vəsait ayrılıb.