Maliyyə naziri: Bu ehtiyat kifayət etməyəcək
Cari ilin dövlət büdcəsi gəlirləri proqnoza qarşı 338 milyon manat çoxdur və 12 milyard 23 milyon manat təşkil edir. Bunun 327 milyon manat və ya 8,9% çoxu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən, 98 milyon manat və ya 5,1% çoxu Dövlət Gömrük Komitəsi tərəfindən icra edilib.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları 102 milyon manat az, dövlət xərcləri isə 105 milyon manat artıq icra olunub. 881 milyon manat isə dövlət borcuna xidmət üçün sərf edilib.
Pandemiya ilə mübarizə tədbirləri üçün nəzərdə tutulan 1 milyard 409 milyon manat vəsaitdən yalnız 752 milyon manat vəsaitin maliyyələşdirilməsi həyata keçirilib.
“Bu mənbədən səhiyyə sahəsinə ayrılan 252 milyon manatdan 149 milyon manatı, sosial-iqtisadi dəstək tədbirləri üçün ayrılmış 570 milyon manatdan 281 milyon manatı, sosial təminat-dəstək tədbirləri üçün ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan 280 milyon manatdan 118 milyon manat artıq istifadə olunmuşdur”, - deyə S.Şərifov qeyd edib.
Maliyyə nazirinin sözlərinə görə, pandemiyanın müddəti ilə bağlı qeyri-müəyyənlik var və BVF dünya iqtisadiyyatındakı tənəzzül proqnozunu 4,9 faizədək pisləşdirib. Cari ilin 6 ayında xam neftin orta qiyməti 38 dollar təşkil edib. OPEK+ razılaşmasını da nəzərə alsaq, neft satışlarının həcminin azalması gözlənilir ki, bu da neft və qeyri-neft setorundan daxilolmaların azalacağını şərtləndirir. Ona görə də maliyyə naziri formalaşan 292 milyon manat məbləğində profisitin, başqa sözlə bu ehtiyatın ilin sonuna qədər gəlirlərlə xərclər arasındakı gözlənilən natarazlığın aradan qaldırılmasına kifayət etməyəcəyini diqqətə çatdırıb. Dövlət büdcəsindəki mövcud ehtiyatlar da pandemiyanın təsirlərinin aradan qaldırılmasına yönəldiyindən Samir Şərifov 2020-ci ilin dövlət büdcəsinə düzəliş edilməsini və büdcənin icrası üçün əlavə maliyyə təminatı məsələsini gündəmə gətirib.