ATU-da koronavirusa yoluxan 57 tibb işçisini kim əvəz edir?
Xəbər verdiyimiz kimi, artıq Azərbaycan Tibb Universitetinin pandemiyaya qarşı mübarizə aparan iki klinikasında ümumilikdə 57 nəfər tibb işçisi koronavirusa yoluxub. Yoluxmaların həkimlər arasında sürətlə artması səbəbindən artıq bir çox xəstəxanada həkim çatışmazlığı müşahidə olunur və bir neçə tibb müəssisəsi tibbi personal üçün vakansiya elan edib. Bəs ATU-nun klinikalarında yaranmış bu vəziyyət də orada həkim çatışmazlığına səbəb ola bilərmi?
Məsələylə bağlı açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, hazırda hər iki klinikanın həkim bazası var:
“Tədris Cərrahiyyə Klinikasında ümumilikdə 33 nəfər tibbi personal virusa yoluxub, onların 8-i həkim və həkim-rezidentdir. Qalanları tibbi personaldır. Tibb bacıları, texniki və sanitar işçilər var. Tədris Terapevtik Klinikasında isə virusa yoluxmuş 24 tibbi personaldan 3-ü həkim digərləri isə tibb işçiləridir.
İlk gündən bizdə növbəli sistem qurulduğu üçün hazırda həkim bazamız var. Tibb Universiteti olduğundan həkimimiz də çoxdur. Hələ ki, həkim çatışmazlığı yaşanmayıb. Ümid edirik ki, həkimlərimiz tezliklə sağlığına qovuşar. Yoluxanlardan çoxu reanimasiya şöbəsinin həkimləridir və bu hal bizə çətinlik yaradır”.