Bank sektorundan "əmanət axını" davam edir
Ölkə iqtisadiyyatında geriləmə, eləcə də 4 bankın lisenziyasının ləğv olunması bank sektorundan yenidən əmanətlərin axınına səbəb olub. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin beş ayında (yanvar-may ayları) Azərbaycanda əhalinin bank əmanətləri 11,3% azalaraq 7 milyard 661.3 milyon manata enib.
Bu azalmada təbii ki, may ayında iki bankın - AGBank və NBCBankın fəaliyyətinin dayandırılmasının da rolu var. Lakin həmin əmanətlərin qaytarılmasının iyun ayında daha intensiv olduğunu nəzərə alsaq, yəqin ki, iyulun əvvəlinə olan məlumatlar əmanətlər portfelinin daha da kiçildiyini göstərəcək.
AMB-nin məlumatına görə, hesabat dövründə əhalinin xarici valyutadakı bank əmanətləri 8,3% azalaraq 4 milyard 133 milyon manata düşüb və bu əhalinin cəmi əmanətlərinin 53.9% -ini təşkil edir. 2019-cu ilin yekunlarına görə, xarici valyutadakı əmanətlərin payı 52,2% təşkil edirdi. 2020-ci ilin aprel ayının sonunda isə dollarlaşma 55,1%-ə yüksəlmişdi.
Milli valyutadakı əmanətlərin həcmi 2020-ci ilin yanvar-may aylarında 14,6% azalaraq 3 milyard 528.3 milyon manat və ya bütün əmanətlərin 46.1% -ini tutur.
31 may 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 302,9 milyon manat, qeyri-rezidentlərin əmanətləri isə 358.4 milyon manatdır. İlin əvvəlindən rezidentlərin əmanətləri 11%, qeyri-rezidentlərin əmanətləri 17.5% azalıb.
Bütövlükdə, mayın 31-nə Azərbaycanda banklardakı əmanətlərin və əmanətlərin həcmi 23 milyard 357.3 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 5,6% azdır.