Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ
Daxili İşlər Nazirliyi Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxışın məhdudlaşdırılmasına aydınlıq gətirib.
ENA.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Qaraçılar məhəlləsi”nə giriş-çıxış bir neçə gündür məhdudlaşdırılıb:
“Yevlaxda 80 nəfər koronovirusa yoluxub və onlardan 53 nəfəri həmin məhəllənin sakinləridir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları çıxana kimi məhəlləyə giriş-çıxış məhdudiyyəti davam edəcək”.
Qeyd edək ki, Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə yaşayan sakinlər xüsusi karantin rejimi qaydalarını pozaraq, məhəllədən çıxmaq üçün etiraz aksiyası keçirməyə cəhd göstərib.