ÜST koronavirusun endemik ola biləcəyini açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun endemik ola biləcəyini açıqlayıb. Qurum daha öncə COVID-19 ilə əlaqədar ilk olaraq “epidemik”, sonra isə “pandemik” terminlərinə müraciət etmişdi.
Beləliklə, pandemiya, epidemiya və endemiya arasında fərqlər nələrdir?
Epidemiya nəzarətdən çıxan hər hansısa yoluxucu xəstəlik üçün istifadə edilən olduqca ümumi bir anlayışdır. Tibb sahəsində isə bir bölgədə, bir cəmiyyətdə və ya bir qrup insanda bir xəstəliyin yayıldığı halda bunun epidemiya olduğu qəbul edilir.
Pandemiya bütöv bir ərazini və ya böyük coğrafi məkanı əhatəyə almış xəstəliyə deyilir. Bu termin bir ölkəni və ya dünyanın tamamını təsiri altına alan xəstəliklər üçün istifadə edilir.
Endemiya isə infeksiyanın qalmasına səbəb olan müəyyən şərait nəticəsində bir yerdə yoluxucu xəstəliyin daim mövcud olmasına deyilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.