Devalvasiya olacaq, yoxsa ehtiyatlar əriyəcək?
Qarşıdakı dövrdə neftin qiyməti 30-35 dollar arasında dəyişəcək. Halbuki, 2020-ci ilin dövlət büdcəsində büdcədə neftin qiyməti 55 dollar səviyyəsində müəyyən edilmişdi. Yəni, büdcədə yaranan bu kəsir Azərbaycanın milli valyutasının məzənnəsinə ciddi təsir imkanına malikdir. Məzənnənin 1.700 səviyyəsində saxlanması üçün hansı addımlar atılacaq, ehtiyatlar əriyəcəkmi?
Bununla bağlı suala cavab verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, "bizim əsas vəzifəmiz 55 dollar çərvəsində büdcəyə olan transferi reallaşdıraq. Və mövcud ehtiyatlardan istifadə edərək, vəziyyəti tənzimləyək".
Belə başa düşmək olar ki, neftin 55 dollar qiymətində nəzərdə tutulan vəsaitin büdcəyə daxil olması, ehtiyatlar hesabına olsa belə təmin ediləcək. Neftin ucuz qiymətləri isə 2021-ci ilin büdcəsində öz əksini tapacaq.
"Auksonda satışların səviyyəsi 4 dəfəyə yaxın düşüb və 57 milyon dollara enib. Əlavə stabilləşmə potensialı da var. Əhalinin nağd alışlarında situasiyadan əvvəlki səviyyəyə qayıtmamışıq", -deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, xarici mühit olduqca gərgindir və biz bundan olduqca əhəmiyyətli dərəcədə təsirlənirik. Görünür, bu təsirlərdən biri də rəsmi valyuta ehtiyatlarının səviyyəsində hiss olunur. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, rəsmi valyuta ehtiyatları mart ayında 7,1 milyon dollar "əriyib" və 6393.8 milyon dollara düşüb.