Azərbaycanda “Range Rover” və “BYD” avtomobilləri üçün əyləc bəndlərinin istehsalına başlanılır

Avtomobillərin əyləc sistemini əyləc bəndləri olmadan təsəvvür etmək mümkün deyil. Bu yardımçı detal fırlanan hissələri, xüsusən də təkərləri və ya əyləc diskini yavaşlatmaq və dayandırmaq üçün istifadə olunur. Nəqliyyat vasitəsi müəyyən məsafə qət etdikdən sonra isə əyləc bəndlərinin dəyişdirilməsi zərurəti yaranır. Bəndlər fərqli materiallardan hazırlanır və qiymətlər də elə onun davamlılığına görə müəyyən edilir.
ENA.az Vergilər.az-a istinadən xəbər verir ki, Azərbaycanda avtomobillərin əyləc bəndlərinin istehsalına 2023-cü ildən Hacıqabul Sənaye Parkında start verilib. “Brake System Azerbaijan” MMC öz məhsullarını “Klass” brendi adı altında bazara çıxarır. Müəssisə nəinki Azərbaycanda, bütövlükdə Qafqaz regionunda bu sahə üzrə ixtisaslaşmış yeganə zavoddur.
Aylıq istehsal gücü 20 minə çatdırılacaq
Hacıqabul Sənaye Parkının ərazisində fəaliyyət göstərən “Brake System Azerbaijan” MMC əsasən Yaponiya və Cənubi Koreya istehsalı olan avtomobillər üçün detalların hazırlanması ilə məşğuldur. MMC-nin direktoru Mehman Ağayev deyir ki, müəssisədə hazırda “Toyota”, “Hyundai”, “Kia”, “Mitsubishi”, “Infinity”, “Lexus”, “Nissan” markalı maşınların 220-yə yaxın modeli üçün əyləc bəndi istehsal edilir. 2023-cü ilin sonundan fəaliyyətə başlayan zavodun ilk məhsulları daxili bazarda keçən ilin mayından ehtiyat hissələr mağazalarında satışa çıxarılıb. Müəssisənin yerli bazarda kifayət qədər alıcısı var və bu da rezidenti istehsalın artırılması ilə bağlı planlar üzərində işləməyə sövq edir. Hazırda ancaq minik avtomobilləri üçün bu detalın istehsalı aparılır, amma gələcəkdə yük avtomobilləri də siyahıya əlavə olunacaq. Bunun üçün bəzi istehsal texnikası mənimsənilməlidir ki, bu proses də yaxın aylarda başa çatdırılacaq. Direktor qeyd edir ki, müəssisədə aylıq 6 min dəst əyləc bəndi istehsal edilir və bu, son rəqəm deyil, istehsal gücünün 20 min cütə çatdırılması üçün potensial var .
Məhsul çeşidi artırılacaq
Müəssisə çeşid baxımından da yeniliklər etməyə hazırlaşır. M.Ağayevin sözlərinə görə, indiki məqamda 220 model üçün 34 qəliblə istehsal həyata keçirilir, ancaq məhsul çeşidini artırmaq üçün xaricdən daha 20 qəlib sifariş edilib. Bununla da “İveco”, “İsuzu” kimi yük təyinatlı maşınlar, “Range Rover” və artıq yerli bazarda çox rast gəldiyimiz “BYD” üçün də əylənc bəndləri ölkəmizdə istehsal ediləcək. Bir sözlə, 100-dən çox əlavə model üçün bu detalı hazırlamaq əlçatan olacaq ki, nəticə etibarilə ilin sonuna kimi hazırda 220 olan rəqəm 500-ə yüksələcək.
“Çeşidlər və istehsal gücü artırılır, bəs daxili bazarda buna maraq necədir?”, – sualına gəldikdə, müəssisənin direktoru yerli məhsullarımıza marağın artırılması üçün təşviqat aparılmasını vacib hesab edir. Vurğulayır ki, ölkəmizdə dünya bazarlarında rəqabətə davam gətirə bilən məhsullar istehsal edilir. M.Ağayev əmin edir ki, məhsullar dünya brendlərinin istehsal etdikləri detallardan heç də geri qalmır. Hətta yerli mallara 30 min kilometrə qədər zəmanət verilir ki, bu da məhsula kifayət qədər inam qazandırır. Müştəri aldığı detaldan narazı qalarsa, məhsul hər hansı zərər görərsə, müəssisə bunu qarşılamağa tam hazırdır. Direktor, bu addımı atmaqla, yerli məhsullarımıza olan inamı artırmağı hədəfləndiklərini bildirir. Yerli əyləc bəndləri sabit sürtünmə səviyyəsi, aşınma müqaviməti, yüksək vibrasiya udma və aşağı səs istehsalı ilə hazırlanır və bütün keyfiyyət standartlarına cavab verir.
40 nəfər üçün yeni iş yeri
“Klass” brendli əyləc bəndlərinin istehsalı zavodunun hazırda 15 işçisi var. Ancaq müəssisə tam gücü ilə fəaliyyət göstərdiyi təqdirdə, ümumilikdə 40 nəfərin işsizlik problemi həllini tapacaq. Sevindirici haldır ki, işlə təmin olunanların əksəriyyəti sənaye parkının yerləşdiyi Hacıqabulun Atbulaq kənd sakinləridir. Bu da kənd yerlərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində müsbət irəliləyişdir.
İraqa ixrac gözlənilir
Yaxın zamanda “Klass” əyləc bəndləri “Made in Azerbaijan” brendi ilə dünya bazarına da çıxarılacaq. İndiki məqamda ixraca start verilməsə də, intensiv danışıqlar aparılır. Yerli məhsullarımızla İraq şirkətləri yaxından maraqlanır və M.Ağayev hesab edir ki, ilk ixrac ünvanı da elə bu ölkə olacaq. Körfəz ölkəsi Küveytin bir neçə şirkəti də zavodda istehsal olunan əyləc bəndlərini almaqda maraqlıdırlar, postsovet ölkələri – Qazaxıstan, Rusiya, Ukrayna və Belarusa isə məhsul nümunələri göndərilib.
İraq şirkətlərinin bu məhsulu Azərbaycandan almaq istəyi bir neçə səbəblə izah oluna bilər. Bu ölkənin bazarlarında Çin istehsalı olan detallara geniş rast gəlinir, lakin Çindən İraqa 2 aya çatdırılan məhsulu Azərbaycandan cəmi 2 günə idxal etmək mümkündür. MMC-nin direktorunun sözlərinə əsasən, yerli mallarımız keyfiyyət və qiymət baxımından da bir-birini tamamlayır. Keyfiyyət baxımından rəqabətdə də bizimkilər daha üstün hesab olunur. Azərbaycan bazarında olan Çin məhsullarının ömrü yerli məhsulların ömrünün dörddə biri qədərdir. Bu da o deməkdir ki, Çin istehsallı ucuz məhsul bizimkindən 2 dəfə bahadır. Digər tərəfdən, idxal gömrük rüsumları da iraqlı iş adamlarını Azərbaycandan məhsul almağa təşviq edir. Çünki ölkəmizlə ticarət, rüsumlar baxımından, daha ucuz başa gəlir.
Vergi və gömrük güzəştləri istehsala müsbət təsir edir
“Brake System Azerbaijan” MMC Hacıqabul Sənaye Parkının rezidenti olduğundan, tətbiq edilən bütün güzəştlərdən faydalanmaq hüququna malikdir. Belə ki, rezidentlər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azaddır. Bununla yanaşı, onlar idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğulara görə də 10 il müddətinə gömrük rüsumları ödəmirlər. M.Ağayev hesab edir ki, məhz belə güzəştlər onlara istehsalı genişləndirmək, məhsul çeşidini artırmaq və xarici ölkələrə çıxış üçün doğru yol xəritəsi müəyyənləşdirməyə kömək edir. Bir sözlə, bütün bu güzəştlər fonunda biznesi böyütmək və qeyri-neft sektorunun inkişafına töhfə vermək mümkündür.