MALİYYƏ

"Müsabiqəsiz dövlət satınalmaları rəqabətli satınalmalardan çoxdur"

"2019-cu ildə aparılmış nəzarət tədbirlərinin nəticələri göstərdi ki, dövlət satınalmaları sahəsində ən çox rast gəlinən iki əsas məsələnin həlli ilə bağlı işlər davam etdirilməlidir".

ENA.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Birinci məsələ ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməməsi və yaxud alınacaq malların (iş və xidmətlərin) həmin dövrə olan bazar qiymətindən baha olması ilə bağlıdır. Ötən ilin I rübünün sonunda Nazirlər Kabinetinin qəbul etdiyi qərarda ehtimal olunan qiymətin hesablanması ilə bağlı 4 üsul müəyyən edilib. Fikrimizcə, bu qərarın qəbulu dövlət satınalmalarında ehtimal edilən qiymətlə orta bazar qiymətinə uyğunluğunun təmin edilməsində müsbət addımlardandır.

İkinci məsələ dövlət satınalmasında şəffaflığın və rəqabətliliyin təmin edilməsi ilə bağlıdır. Hesablama Palatası 2018-ci ildə keçirilmiş dövlət satınalmalarına dair aidiyyəti məlumatları təhlil edib və hal-hazırda 2019-cu il üçün analoji təhlili aparmaqdadır. Demək istərdim ki, müsabiqəsiz satınalmaların sayında hər əvvəlki ilə nisbətən azalma müşahidə edilsə də, lakin xüsusi çəki göstəricisinə görə bu metod digərlərinə - rəqabətli satınalmalara nisbətən daha irəlidədir. Hesab edirik ki, dövlət satınalmalarına nəzarət qanunvericiliyə əməl olunması və dövlət satınalmalarında effektivliyin qiymətləndirilməsi kimi iki əsas mərhələdən ibarətdir", - o qeyd edib.

V.Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası son illər bu sahədə çoxsaylı nəzarət tədbirləri aparıb və nəticələri müvafiq hesabatlarda təqdim edib: "Dövlət satınalmalarının effektivliyinin müəyyən edilməsi işi bir qədər mürrəkkəb olsa da, hesab edirik ki, daim nəzarətdə saxlanılmalı, bu sahədə əsas göstəricilər və kriteriyalar öyrənilməli və müvafiq olanlar müəyyənləşdirilərək tətbiq olunmalıdır. Nəzarət tədbirlər üzrə auditor hesabatlarının Kollegiyada aparılmış müzakirələri nəticəsində qəbul olunmuş qərarlarda rast gəlinmiş nöqsanların aradan qaldırılmasının təmin etmək məqsədilə müxtəlif istiqamətlər üzrə tədbirlər öz əksini tapır". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)