MALİYYƏ

Maliyyə Nazirliyinin depozit hərracları AZIR indeksinə azaldıcı təsir edib

Bu ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyinin vahid xəzinə hesabının sərbəst qalığının kommersiya banklarında yerləşdirilməsi məqsədilə keçirdiyi depozit hərracları nəticəsində bank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı təsir edib.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyində dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər AMB-nin faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi mayda və iyunun ötən dövründə 6,7 % olub. AMB banklararası pul bazarında gedən proseslərin təhlilini və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydalarını hazırlayaraq təsdiq edib", - deyə məlumatda qeyd olunub.

Bundan başqa, qurum xatırladıb ki, ötən ilin ikinci yarısının bir çox aylarında hökumət hesabları qalığının artımı qısamüddətli faizlərə artırıcı təsir edirdi: "Bu şəraitdə AMB açıq bazar əməliyyatlarını intensivləşdirib, artan likvidliyin əhəmiyyətli hissəsi qurumun əsas alətinə çevrilməkdə olan 1 həftəlik əməliyyatlarla sterilizasiya olunub. Sterilizasiya yönümlü açıq bazar əməliyyatlarının effektivliyini artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsində dəyişiklik edilib, 7 günlük repo əməliyyatı 7 günlük depozit əməliyyatı ilə əvəzlənib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 5 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 1,6 dəfə, sayı isə 1,8 dəfə artıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)