Sosial iqtisadiyyat

Sosial istiqamətdə nəzərdə tutulan vəsait tam olaraq maliyyələşdiriləcək

Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans müşavirəsində bəzi həyati əhəmiyyət kəsb etməyən layihələrin ixtisara salınmalı olduğunu bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ölkə Prezidentinin tapşırığı ilə dövlət büdcəsində xərclərə yenidən baxılması və təcili olmayan xərclərin maliyyələşdirilməsi növbəti illərdə həyata keçiriləcək:


“Bu zaman həm investisiya, həmdə cari xərclərə baxılacaq. Onların strukturunun təkmilləşdirilməsilə də bağlı addımlar atılacaq. Belə ki, ölkə Prezidenti tərəfindən müəyyənləşdrilmiş əsas tapşırıq həm büdcə xərcləmələrində şəffaflığın gücləndirilməsi, həm də büdcənin gəlir və xərclər hissəsinin mövcud çağırışlara, o cümlədən xarici faktorların yaratdığı reallıqlara uyğunlaşdırılmasıdır. Bu kontekstdən 2020-ci ilin dövlət büdcəsində cari və investisiya xərclərinin strukturunda dəyişikliklərin olacağı gözlənilir”.


İqtisadçının sözlərinə görə, pandemiyanın təsirlərinin olmasına baxmayaraq, ilk 3 ayın yekunları göstərir ki, dövlət büdcəsinə proqnozlaşdırlandan daha çox vəsait cəlb olunub:


“2019-cu ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 300 milyon manat artıq vəsait daxil olub. Bu isə onu deməyə əsas verir ki, pandemiyanın iqtisadiyyata təsirləri fonunda büdcəyə qeyri-neft sektorundan, vergi daxilolmalarından proqnozlaşdırılandan daha çox vəsaiti cəlb etmək mümkün olub. Neftin real bazar qiymətinin ucuzlaşması ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir. Dövlət büdcəsində neft sektorunun payı 56 faizdir. 2020-ci ildə qeyri-neft sektoru büdcə gəlirlərinin 44 fazini formalaşdırmalıdır, eyni zamanda Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəlikləri ümumi neft daxilolmalarının 84 faizini təşkil edir. Bu ümumi büdcə gəlirlərinin 48 faizi deməkdir. Dövlət Neft Fondu 2020-ci ildə büdcəyə 6,7 milyard dollar vəsait transfer etməlidir ki. Fondun aktivlərini nəzərə alsaq, bununla bağlı çəinlik olmayacaq. Amma qlobal çağırışlar fonunda büdcənin xərc sturkturunun təkmilləşdirilməsi vacibdir”. 

V.Bayramov qeyd edib ki, ölkə Prezidentinin tapşırıqlarına əsasən, 2020-ci ildə büdcədə proqnozlaşdırılan sosial xərclər və sosial proqramların maliyyələşdirilməsilə bağlı hər hansı dəyişiklik olmayacaq:

“2020-ci ilin dövlət büdcəsində cari və investisiya xərclərinə baxılması, onların strukturunun dəyişilməsi mümkün olsa da, sosial proqramlarda, pensiya, təqaüd, əməkhaqlarının ödənilməsində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Praktik olaraq 2020-ci ildə dövlət büdcəsi sosial istiqamətdə nəzərdə tutduğu vəsaiti tam olaraq maliyyələşdirəcək. Qeyd edim ki, büdcə xərclərinin 38,5 faizi birbaşa sosial ayırmalardır. Mövcud maliyyə imkanları çərçivəsində büdcə sosial xərcləri tam olaraq ödəmək imkanlarına malikdir”.

Deputat qeyd edib ki, konkret olaraq hansı layihələrin təxirə salınacağı qiymətləndirilmə aparıldıqdan sonra bəlli olacaq:

“Qeyd etdiyim kimi sosial layihələrin təxirə salınması gözlənilmir. Hansı layihələrin icrası iqtisadiyyat üçün çətinlik yaratmır, növbəti illərdə icrası mümkündür, həmin layihələrin təxirə salınması nəzərdə tutulur. Burda isə söhbət əsas etibarilə investisiya və cari xərclər üzrə layihələrdən gedir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)