MALİYYƏ

İlham Əliyevdən manatın vəziyyətilə bağlı AÇIQLAMA

“Valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur”.

ENA.az xəbər verir ki, bunu 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirib.

“Mən ictimaiyyətin diqqətini bir məsələyə də çəkmək və öz sözümü bildirmək istəyirəm. Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, - xüsusilə qonşu ölkələr nəzərdə tutulur, - o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki buna heç bir ehtiyac yoxdur. Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin. İndi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər.

Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur.

Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department