Prezidentin sərəncamı 2 000 nəfər sosial xidmətçiyə şamil olunacaq
Prezident İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.
Nazirlikdən "ENA"ya verilən məlumata görə, sərəncam DSMF-nin rayon (şəhər) şöbələrindəki 1 400 nəfər və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfər, ümumilikdə 2 000 nəfər sosial xidmət işçisini əhatə edir.
Onların əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən ediləcək.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib. Bununla əlaqədar dövlət başçısının göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik sosial xidmətlərlə təmin olunur.
Hazırda bu kateqoriyadan olan 15 000-dən çox tənha yaşlıya evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir. DSMF-nin 9 sosial xidmət müəssisəsində isə 1 000-dən çox şəxs stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.