Koronaviorusu bu analizlə tapmaq olur...
Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.
Bu məqamda özündə virusun əlamətlərini hiss edən şəxslər hara müraciət etməlidir?.
Aydındır ki, bu xəstəliyin ilkin simptomları qrip virusuna oxşayır.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki, kimsə özünü narahat hiss edirsə, ilk olaraq Təcili Tibbi Yardıma müraciət etməlidir: “Bundan əlavə, TƏBİB-ə, İcbari Tibbi Sığorta Agentliyinə, o cümlədən, Nazirlər Kabineti yanında yaradılmış Qərargaha da müraciət etmək olar. Həkimlər həmin vətəndaşdan şübhələnərsə, ondan yaxma götürüləcək. Həmin yaxma da Respublika Taun Əleyhinə Dispanserdə yoxlanılır və nəticələri vətəndaşa bildirilir”.
Qeyd edək ki, respublikada fəaliyyət göstərən özəl xəstəxanalarda koronavirusu yoxlayacaq aparatlar yoxdur.
Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.
Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epodemoloji vəziyyət ciddi nəzarət altında saxlanılır.