Koronavirus Gürcüstanda turizmi "vurdu"
Koronavirus Gürcüstanda turizm gəlirlərinin xeyli azalmasına səbəb olub.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.
Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar Çinə və İrana birbaşa aviareyslərin dayandırılması səbəbindən Gürcüstanın turizm gəlirləri hər ay 30 milyon lari (10 milyon dollardan çox) azalır.
Nazir deyib ki, bu gün dünya ölkələri koronavirusdan əziyyət çəkir. Qlobal iqtisadiyyat, ticarət, turizm və digər sahələr ciddi maliyyə itkiləri ilə üz-üzədir. Gürcüstan hökuməti də bundan əziyyət çəkir.
“Gürcüstan hökuməti üçün əhalinin sağlamlığı daha vacibdir və biz insanlarımızın sağlamlığı üçün bütün imkanları səfərbər etmişik” - deyə, N.Turnava vurğulayıb.