Azərbaycan və Gürcüstanın hava limanları necə işləyib?: Rəqəmlərin müqayisəsi
Azərbaycan və Gürcüstanın hava limanlarının 2019-cu ildə sərnişin dövriyyəsinə dair məlumatlar açıqlanıb. Turizm sektorunun inişafına iddialı 2 qonşu ölkənin oxşar göstəricilərini müqayisə etmək maraqlıdır.
ENA.az xəbər verir ki, ötən il Azərbaycanın bütün hava limanları üzrə sərnişin dövriyyəsi 5.56 mln. nəfər, Gürcüstanda isə 5.2 mln. nəfər olub.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, amma burda vacib bir məqam var. Belə ki, Azərbaycan üzrə ümumi sərnişin dövriyyəsinin 646 min nəfəri və ya 11.6%-i Naxçıvan hava limanının payına düşür. Nəzərə alsaq ki, Naxçıvan hava limanının xidmətindən istifadə etmək zorunlu səbəbdəndir.
Yəni ərazilərimizin işğalı nəticəsində Muxtar Respublika ilə ölkənin digər yaşayış məntəqələrimiz arasında quru əlaqə tamamilə kəsilib və hava xətti yeganə nəqliyyatı imkanı kimi qalıb. Bu baxımdan Naxçıvanın hava limanının xidmətini nəzərə almasaq, ölkə üzrə hava nəqliyyatında bütün sərnişin dövriyyəsinin 4.73 mln. nəfərinin və ya 96.2%-nin paytaxtın hava limannın payına düşdüyü məlum olur. Yerdə qalan cəmi 3.8% və 172 min isə Gəncə və Lənkəran hava limanlarının hesabınadır.
Naxçıvanı da nəzərə alsaq, regional hava limanlarının təyyarə ilə sərnişin dövriyyəsində payı 15%-i ötmür.
Statistikadan görünür ki, Qəbələdən ümumiyyətlə istifadə edilmir.
Gürcüstanda isə vəziyyət xeyli fərqlidir. Orda paytaxt (Tbilisi) hava limanı sərnişin dövriyyəsinin 73%-ni (3.8) mln. təmin edib.
Regionlardakı beynəlxalq hava limanları (Kutaisi və Batumi) 1.5 mln. nəfərlik sərnişin dövriyyəsinə (27%) malik olublar.
Bu isə onu göstərir ki, regionlara olan təyyarə reyslərinin potensialından yetərincə istifadə edilmir. Demək şərtlərə, qiymətlərə imkanlara yenidən baxmaq lazımdır.