Bakı-Sumqayıt yerüstü metro xətti çəkiləcək? - Rəsmi AÇIQLAMA
“Bakı Metropoiteni”nin hələ keçmiş rəhbərliyi dövründə Bakı ilə Sumqayıt arasında yerüstü metro xəttinin çəkilməsi ideyası ortaya atılmışdı.
Bununla bağlı təkliflər son vaxtlar yenidən gündəmə gətirilib.
Bəzi ekspertlər illərdir vətəndaşların əziyyət çəkdiyi Bakı-Sumqayıt yolundakı tıxaca əlac tapmaq, avtomobil sıxlığını aradan qaldırmaq üçün iki şəhər arasında metro xəttinin çəkilməsini təklif edirlər.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, konseptual inkişaf sxemində Xırdalan və Sumqayıt istiqamətlərində metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.
B.Məmmədov qeyd edib ki, dünyada şəhərlərarası metrolar inkişaf etsə də, biz hələ paytaxtı, ən əsası mərkəzi və onu ətrafla birləşdirməyə üstünlük verməliyik:
"Məncə, indiki məqamda bu, daha doğru olar. Ən əsası, xətlər ayrılsa, şəhərin ən mühüm nəqliyyat problemi aradan qalxar. Təsəvvür edin, "Koroğlu"ya gələn artıq “Nizami”, yaxud "28 May" və "Neftçilər" istiqamətini seçir. Deməli, "Koroğlu"nun yükü 2 dəfə azalır. Eyni zamanda, hər xətdə ən çoxu 2 dəqiqəlik interval var, xüsusən "Elmlər Akademiyası" sransiyası tərəfdə. Deməli intensivlik də 2 dəfə artır. İki dəqiqədən bir hər tərəfə qatar çıxır. Deməli, sərnişin sayı ən azı 2 dəfə artsa da, problem yaşanmaz.
Bu halda yerüstü nəqliyyatın inkişafı da fərqli olar. Məsələn, Şüvəlandan ən azı 2 istiqamətə avtobus olar. Deməli yerüstü ictimai nəqliyyat 2 dəfə böyüyər, infrastruktur dəyişər, inkişaf edər. Belədə insanların rahatlığı, məmnunluğu artar, şəhər daha da böyüyər, yeni ərazilərin inkişafı sürətlənər".