“AzerTelecom” fiber-optik kabel xətlərinin inşasına hazırlaşır
Azərbaycanın aparıcı telekommunikasiya operatoru “AzerTelecom” MMC yaxın vaxtlarda ölkənin dəmir yolu xətlərinin mühafizə zolağı boyunca fiber-optik kabel xətlərinin inşasına başlayacaq.
Bu barədə “ENA”ya şirkətdən bildirilib.
Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə bu ildən həyata keçirilən layihə ilə bağlı hazırda texniki analiz davam edir. Texniki detallar müəyyən edildikdən sonra inşaat işlərinə start veriləcək.
Azərbaycanı regional rəqəmsal mərkəzə (hab) çevirmək məqsədi daşıyan layihə (“Azerbaijan Digital Hub”) 3 mərhələdən ibarət olmaqla ölkə daxilində və xaricində dayanıqlı magistral infrastrukturun qurulmasını nəzərdə tutur. Dəmir yolları boyunca dayanıqlı fiber-optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, qonşu ölkələr - Rusiya, Gürcüstan, Türkiyə və İranla dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşmasına və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək, əhaliyə göstərilən rəqəmsal xidmətlərin daha keyfiyyətli və dayanıqlı olmasını şərtləndirəcək. Bundan başqa, Azərbaycanın rəqəmsal xidmətlərin idxalında xarici ölkələrdən asılılığı minimuma endiriləcək və ölkə internet xidmətləri ixracında bölgənin mərkəzi oyunçusuna çevriləcək.