Yeni elektron sənəd dövriyyəsi sistemi olan www.monitoring.az istifadəyə verildi
Müasir dövrün tələbi ilə dünyada rəqəmsal idarəçiliyin tətbiqinin genişləndiyi dövrdə Azərbaycanda dövlət qurumları arasında daha bir elektron sənəd dövriyyəsi sistemi olan www.monitoring.az portalı yaradıldı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və Qiymətləndirmə Qrupu tərəfindən idarə olunan, geniş və unikal funksionallığa malik monitoring.az portalı milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru üzrə strateji yol xəritələrində və digər dövlət proqramlarında qurumların səlahiyyətində olan tədbirlərin icrasının operativ və yüksək səviyyədə yerinə yetirməsi üçün yaradılan platformadır.
Portal əsasən strateji yol xəritələrinin, dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının və iqtisad yönümlü təşviq layihələrinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Belə ki, dövlətçilik maraqlarını üstün tutan bu platforma dövlət orqanları arasında çevik rabitəni və sadələşdirilmiş kommunikasiya prosesini eləcə də şəffaflığı təmin edir, hesabatlılığı gücləndirir. Beləliklə bu portalın yaradılması ilə Azərbaycanda monitorinq və qiymətləndirmə institutunun rəqəmsallaşması istiqamətində mühüm addım atılıb. Azərbaycan və ingilis dili olmaqla iki dildə təqdim olunan monitoring.az portalının vizyonu rəqəmsal monitorinq və qiymətləndirmə institutunu elektron hökumətin funksionallığı kimi təqdim etməkdir.
www.monitoring.az portalının digər bir üstünlüyü isə ondan ibarətdir ki, Portal dövlət qurumları arasında kağızla aparılan sənəd dövriyyəsini, yəni kağız israfını da dəfələrlə azaldaraq, istifadə olunan kağıza ayrılan maddi vəsaitin həcminə qənaət edilməsinə dəstək verəcək. Öz növbəsində ekoloji cəhətdən müsbət töfhələr verəcəkdir. Portalın yaradılması təkcə kağız sərfiyyatına deyil, o cümlədən qurumlarda digər inzibati məsələlərin effektiv həllinə və ən əsası zamana qənaətə zəmin yaradılacaq. Bununla da fəaliyyətlərində və hesabatlılıqda effektiv və səmərəlilik əldə olunacaqdır.