ABŞ Çinin dron hakimiyyətinə qarşı yeni cəbhə açdı: bəzi dronlara 100%-lik tarif tətbiq edildi
Vaşinqton Çin istehsalı dronlardan asılılığı azaltmaq üçün yeni tariflər tətbiq edir. Ağır və xüsusi texnologiyalı dronlara 100%-lik gömrük rüsumu qoyulması ABŞ-Çin texnoloji rəqabətinin daha bir istiqamətinin formalaşdığını göstərir.
ABŞ-da idxal olunan dronlar və onların müəyyən komponentlərinə yeni gömrük tarifləri qüvvəyə minib. Vaşinqtonun qərarına əsasən, bəzi pilotsuz uçuş aparatlarına tətbiq edilən tarif 100%-ə qədər yüksəlib.
Yeni tədbirin əsas hədəfi ABŞ-ın Çin istehsalı dronlardan və onların komponentlərindən asılılığını azaltmaq, eyni zamanda ölkə daxilində dron sənayesinin və təchizat zəncirinin inkişafını sürətləndirməkdir.
ABŞ Prezidenti Donald Tramp bununla bağlı sərəncamı avqust ayında imzalayıb. Vaşinqton qərarın əsaslandırılmasında dron və onların komponentlərinin idxalını milli təhlükəsizlik üçün potensial təhdid kimi qiymətləndirib.
Hansı dronlara 100%-lik tarif tətbiq olunur?
Yeni tarif sistemi bütün dronlara eyni şəkildə tətbiq edilmir. Uçuş zamanı maksimum çəkisi 25 kiloqramdan çox olan dronlar, həmçinin termal görüntüləmə imkanına malik pilotsuz uçuş aparatları və dron dok-stansiyaları üçün tarif dərəcəsi 100% müəyyənləşdirilib. Daha kiçik dronlar üçün isə 25%-lik tarif tətbiq olunur. Dronların bəzi, ABŞ tərəfindən “xüsusilə həssas olmayan” kateqoriyaya aid edilən komponentlərinə də tariflər tətbiq olunacaq. Lakin bu rüsumlar 2027-ci il fevralın 9-dan qüvvəyə minəcək.
Niyə məhz dronlar?
Dronlar son illərdə sadə istehlak elektronikasından çıxaraq strateji texnologiyaya çevrilib. Ukraynadakı müharibə pilotsuz uçuş aparatlarının müasir müharibədə rolunu xüsusilə açıq şəkildə göstərdi. Kəşfiyyat, müşahidə, hədəflərin müəyyənləşdirilməsi və hücum əməliyyatlarında dronların istifadəsinin genişlənməsi bu texnologiyanı artıq bir çox ölkələr üçün milli təhlükəsizlik məsələsinə çevirib. ABŞ rəsmilərinin narahatlığı isə yalnız hərbi sahə ilə məhdudlaşmır.
Vaşinqton hesab edir ki, Çin istehsalı dronlardan və onların komponentlərindən həddindən artıq asılılıq ABŞ ordusu və kritik infrastruktur üçün təchizatın kəsilməsi, mümkün casusluq və strateji zəifliklər yarada bilər.
Çinin dron bazarındakı gücü
ABŞ-ın əsas narahatlığı təsadüfi deyil. Çinin DJI şirkəti son illərdə qlobal dron bazarının üçdə ikisindən çoxuna nəzarət edib. 2006-cı ildə yaradılan DJI həm istehlakçı, həm də peşəkar dron seqmentində dünyanın ən böyük istehsalçılarından biridir.
Şirkət 2022-ci ildən ABŞ-da Çin ordusu ilə əlaqəli olduğu iddia edilən şirkətlərin yer aldığı siyahıya daxil edilib və ABŞ texnologiyalarına çıxışı ilə bağlı məhdudiyyətlərlə üzləşib. DJI isə bu siyahıya salınmasına etiraz edib. Beləliklə, Vaşinqtonun son addımı ayrı-ayrı Çin şirkətlərinə qarşı məhdudiyyətlərdən daha geniş xarakter daşıyır: ABŞ dron bazarında Çin təchizat zəncirinin çəkisini azaltmağa çalışır.
Çin Vaşinqtonun qərarına qarşıdır
Pekin yeni tariflərə etiraz edib. Çinin Ticarət Nazirliyi bildirib ki, bu addım qlobal dron təchizat zəncirini poza və daha ədalətli rəqabət mühitinə zərər vura bilər. Çin tərəfi tariflərin geri götürülməsinə çağırıb və qərara qəti şəkildə qarşı olduğunu açıqlayıb. Bu qarşıdurma ABŞ və Çin arasında son illərdə dərinləşən texnoloji və sənaye rəqabətinin yeni mərhələsini göstərir.
Tarifin arxasında daha böyük strategiya var
Burada əsas məsələ yalnız dronların ABŞ bazarında bahalaşması deyil.Vaşinqton bir tərəfdən Çin istehsalına tarif tətbiq edir, digər tərəfdən isə strateji texnologiyaların yerli istehsalını və alternativ təchizat zəncirlərini formalaşdırmağa çalışır. Bu yanaşma ABŞ-ın son illərdə yarımkeçiricilər, elektrik avtomobilləri, batareyalar, kritik minerallar və digər strateji texnologiyalar üzrə tətbiq etdiyi siyasətlə də uyğunlaşır. Dronlar isə bu siyahıya daha bir vacib sahə kimi daxil olur.
Əgər Çin uzun müddət ərzində istehsal miqyası və aşağı maya dəyəri hesabına qlobal dron bazarında üstünlük qazanıbsa, ABŞ indi tariflər və milli təhlükəsizlik məhdudiyyətləri vasitəsilə bu üstünlüyü zəiflətməyə çalışır.
Lakin bunun başqa tərəfi də var. ABŞ bazarında Çin dronlarına tətbiq olunan 25%-lik və 100%-lik tariflər yerli istehsalçıların rəqabət imkanlarını artıra bilər. Eyni zamanda, Çin komponentlərindən istifadə edən şirkətlər üçün xərcləri yüksəldə və dronların qiymətinin artmasına səbəb ola bilər.
Başqa sözlə, Vaşinqtonun qarşısında iki paralel məqsəd dayanır: Çindən asılılığı azaltmaq və alternativ yerli təchizat zənciri yaratmaq. Bunun nə qədər sürətlə mümkün olacağı isə ABŞ istehsalçılarının Çin şirkətlərinin malik olduğu istehsal miqyasını və qiymət üstünlüyünü nə dərəcədə kompensasiya edə biləcəyindən asılı olacaq.
Yeni tariflərin qlobal dron bazarına təsiri isə daha geniş ola bilər: təchizat zəncirlərinin yenidən qurulması, istehsalın müxtəlif ölkələrə yayılması və nəticədə dünya dron bazarının ABŞ və Çin ətrafında daha da parçalanması ehtimalı artır.


















