Bank

İstehlak krediti üzrə "qırmızı zona"ya düşə biləcək bank: ehtiyatlarını 3 dəfə artırdı

Azərbaycanın bank sektorunda üç illik ölüm-qalım mücadiləsi yaşamış banklardan biri olan “Bank of Baku”nun maliyyə göstəriciləri hamı üçün maraqlıdır. ENA.az olaraq sizə əsas rəqəmlərin təhlilini təqdim etməyə çalışacağıq.

 

Ümidsiz borclardan 25 milyonunu alıb

İlk növbədə qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında “Bank of Baku”nun ödədiyi əmək haqqı və kompensasiyaların məbləği ikiqat çoxalıb, bu isə o deməkdir ki, əməkdaşların sayında artım var. Eyni zamanda bankın alınmış və ödənilmiş faizlərində də artım var və bu artım daha çox alınmış faizlərin həcmində nəzərə çarpır. Bankın ümidsiz borclardan daxilolamaları artaraq 25 milyon 311 min manat olub. Təbii ki, burada “problemli kreditlərin həlli” ilə bağlı prezidentin fərmanının mühüm rolu var və ümumilikdə maliyyə vəziyyətinin düzəlməsində önəmli dəstəkdir. Bu dövrdə bank fəaliyyətində 29 milyon manat puldan istifadə edib. Əməliyyat aktivlərində 41 milyon manat artım olub, bu isə ötən ilin eyni dövründəkindən 57 faizə qədər azdır. Ötən doqquz ayında müştərilərə verilmiş kreditlərin həcmində cəmi 17 milyon manat artım var və burada da artım tendensiyası zəifləyib. Yəni, ötən il bankın kredit portfelində 48 milyon manat artım olduğu halda, bu il artım cəmi 17 milyon manatdır. Əməliyyat öhdəliklərində də azalma davam edir və bu həcm olaraq 37 milyon manatdır.

 

Müştəri portfeli hələki “əriyir”

“Bank of Baku”da müştərilərin depozitləri və cari hesablarındakı azalma tendensiyası da hələki davam edir, lakin sevindirici bir amil var ki, azalmanın həcmi qismən cilovlanıb. Bu ilin ötən 9 ayında müştərilər hesablarından 4 milyonu geri çəkiblər, ötən ilin eyni dövründə isə bu portfeldə 20 milyon manata yaxın “ərimə” vardı. Ümumilikdə dövrün əvvəlinə pul vəsaitləri 18 milyon manat təşkil etdiyi halda, 9 ayda daha 11 milyon manat artıb və 29 milyon manata çatıb.

 

Kreditlərinin 70%-i istehlaka yönəlib  

Beləliklə, vəsaitlərin bu hərəkətinin balansda özünü necə göstərdiyinə nəzər salaq. “Bank of Baku” aktivləri 0,6% azalıb və 298 milyon 131 min manata qədər azaldıb. Bankın kredit portfeli 3,2% azalaraq 316 milyon manata düşüb. Əsas narahatedici məqam odur ki, maliyyə böhranı zamanı istehlak kreditləri ilə bağlı böyük problemlər yaşayan “Bank of Baku”nun kredit portfeli yenə də əsasən bu məhsullardan ibarətdir. Bankın istehlak kreditlərinin həcmi 222 milyon manat təşkil edir, bu isə ümumi kredit portfelinin 70%-ni təşkil edir. Bank cəmi 84 milyon manat biznes krediti, 8 milyon manat daşınmaz əmlak krediti verib.  

 

Hüquqi şəxslərin depozitləri azalıb

“Bank of Baku”nun öhdəlikləri 12,9% azalaraq 227 milyon manata düşüb. Sentyabrın sonuna bankda depozitlər 162,502 mln. manat (azalma 2,6%), əhalinin əmanətəri 145,25 mln. manat təşkil edir. Əmanətlər portfelində daha çox hüquqi şəxslərin hesablarında azalma müşahidə edilir. Eyni zamanda qeyd edək ki, “Bank of Baku” Mərkəzi Banka olan 20 milyon manat borcunu qaytarıb və hazırda borc öhdəliyi daşımır. Öhdəliklərdə eyni zamanda 16 milyon 725 min manat məbləğində təsisçilər tərəfindən bankın kapital mövqeyini yaxşılaşdırılması üçün təqdim edilən subordinasiya borcu qalmaqdadır.

 

Kapital problemini həll edə bildi

Nəticə etibarilə 3 ilə yaxın kapital çatışmazlığı problemi yaşayan “Bank of Baku” hazırda bununla bağlı prudensial tələbləri ödəyə bilir və kapitalı 71 mln. 587 min manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 79,2% artım deməkdir. Bankın nizamnamə kapitalı isə kapitalı 52,87 mln. manatdır.

Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 32 milyon 276 min manat təşkil edib, bu 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 25 dəfə çoxdur. Bankın mümkün zərərlər üçün yaratdığı məqsədli ehtiyatlar 3 dəfə artaraq 75 milyon manata yüksəlib. “Bank of Baku”nun yanvar-sentyabr ayları üzrə xalis mənfəəti 32 milyon manat təşkil edir.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildə yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)