5G texnologiyası MDB ölkələrinə 34 mlrd.dollar gəlir gətirəcək
2025-ci ildə Rusiya və MDB-də 5G mobil rabitə abonentlərinin sayı 54 milyona çatacaq. Növbəti 15 ildə isə sözügedən texnologiya region ölkələrinə 34 mlrd. ABŞ dolları məbləğində gəlir gətirəcək.
Bu barədə Qlobal Mobil Sistem Kommunikasiyalar Assosiasiyasının (GSMA) keçirdiyi “Mobil iqtisadiyyat: Rusiya və MDB” adlı araşdırmada deyilir.
Ekspertlərin fikrincə, 2025-ci ilədək operatorlar mobil rabitə infrastrukturunun inkişafına 39 mlrd. dollar investisiya yatıracaq ki, bunun da 27,3 mlrd. dolları 5G texnologiyasının payına düşəcək.
Araşdırma onu da göstərib ki, 2025-ci ilədək bütün MDB ölkələri sözügedən texnologiyanı tətbiq edəcək.
Regionda 5G texnologiyasını ilk olaraq Rusiya və Belarus (2020-ci ildə), daha sonra isə Qazaxıstan (2021-ci ildə) və Azərbaycan (2022-ci ildə) tətbiq edəcək. MDB-də sözügedən texnologiyanı ən gec tətbiq edəcək ölkə isə Ukrayna göstərilir. Bu ölkə 5G-ni yalnız 2025-ci ildə istifadəyə verəcək.
Qeyd edək ki, Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” bu il ərzində pilot olaraq 5G şəbəkəsini qurmaq niyyətində olduğunu bildirib.