Nazir: 2023-cü ildə qeyri-neft ixracımızın 3 milyard dolları ötməsi gözlənilir
“Azərbaycanda xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir”.
ENA.az xəbər verir ki, bunu müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Azərbaycanla xarici ticarət dövriyyəsində önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığına gəlincə, nazir deyib ki, ötən il ölkələr arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır.
Ş. Mustafayev bildirib ki, bu məsələ Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclaslarında əsas diqqət yetirilən istiqamətlərdəndir.
“Komissiya tərəfindən ayrı-ayrı məhsullar üzrə təhlillər aparılır. Nəticələr göstərir ki, Azərbaycanın kənd təsərrüfatı və emal məhsullarının Rusiyaya ixracının 2 dəfə artırılması potensialı var və bu imkanın reallaşdırılması hədəf kimi müəyyən olunub. Təsadüfi deyildir ki, ticarət əməkdaşlığının inkişafı Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfərləri çərçivəsində əsas müzakirə mövzularından olub”.
Nazir əlavə edib ki, bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır: “İqtisadi əməkdaşlığımızda kənd təsərrüfatı önəmli yer tutur. Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il qonşu ölkəyə 560 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı, Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb”.
Onun sözlərinə görə, Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda icra olunan layihələrin, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz qaz boru kəməri kimi iri layihələrin fəal iştirakçısıdır:
"Azərbaycan nefti digər marşrutlarla yanaşı, Bakı-Novorossiysk boru kəməri ilə də dünya bazarına ixrac olunur. Bununla yanaşı, ölkələrimizin enerji sistemləri paralel rejimdə fəaliyyət göstərir və elektrik enerjisi mübadiləsi aparılır. Belə ki, 2018-ci ildə Azərbaycandan Rusiyaya 121 milyon kVt/saatdan çox elektrik enerjisi ixrac edilib, Rusiyadan isə 76 milyon kVt/saatdan artıq elektrik enerjisi idxal olunub".