Sabah satışa 123 ton bal çıxarılacaq: Təmiz balı tanımaq üçün 10 qızıl qayda
Sabahdan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. Rəsmilərin açıqlamasına görə, yarmarkaya keyfiyyətsiz ballar buraxılmayıb. Buna baxmayaraq, oxucularımıza saxta balla təmiz balı ayırd etmək üçün 10 qızıl qaydanı təqdim edirik.
10 QIZIL QAYDA
Satıcılar çox zaman bala təbii görüntü vermək üçün ona un və ya nişasta qatırlar. Bu da balın dad keyfiyyətinə və kalorisinə mənfi təsir edir. Bunu müəyyən etmək üçün bir qədər balın üzərinə azca distillə olunmuş təmiz su (ev şəraitində qaynadılmış su da olar) əlavə edib qarışdırın. Daha sonra isə bir neçə damcı yod əlavə edin. Əgər maye göyərərsə, deməli balda un və ya nişasta qatqısı var. Əksinə olarsa, deməli qatqı yoxdur. Un və ya nişasta qatqısının olmasını balın yapışqan kimi olmasına və kristallaşmamasına əsasən də bilmək olar. Əgər bal uzun müddətdir qalıb və xarlanma (kristallizasiya) baş verməyibsə, bu bal saxtadır. Ancaq bal xarlanıb, lakin kristallaşma bərabər səviyyələrdə getməyibsə, bu da balın saxtalığına işarədir. Həmçinin təbii bal uzun müddət qaldıqda rəngi tündləşir, konsistensiyası qatılaşır.
Saxta balın heç bir ətri olmur. Lakin bəzi bitkilərdən alınan balın da ətri olmaya bilər. Məsələn, yağıotu (ivançay) bitkisinin balı.
Hətta bəzən bala tabaşir də qatırlar. Bunu tərkibdə müəyyən etmək üçün balı bir qədər təmiz suda həll edib üzərinə bir neçə damcı sirkə damızdırın, əgər məhlul qaynamağa, köpüklənməyə başlayarsa, bu tərkibdə tabaşirin olmasını göstərir.
Balı təmiz suda həll edin, əgər çoxlu çöküntü yaranarsa, bal saxtadır. Təbii balda çox cüzi çöküntü ola bilər.
Təmiz təbii bal köpüklənməməlidir, əgər köpüklənirsə, bu balın tam yetişmədiyini və turşuduğunu göstərir.
Balın su ilə 5-10%-li məhluluna AgNO3 (gümüş-nitrat) məhlulu tökdükdə ağ çöküntü verərsə, bu balın tərkibində şəkər şərbətinin olduğunu göstərir.
Təbii balda su olmamalıdır. Bunu müəyyən etmək üçün bala bir tikə çörək salın və 10 dəqiqə gözləyin. Əgər çörək yumşalarsa, balın tərkibində deməli su var, yox əksinə olaraq bərkiyərsə, onda bal təbiidir.
Baldan bir qədər götürüb onun axıcılığına fikir verin, əgər bal yavaş-yavaş axırsa, axını həmcins olub heç yerdə qırılmırsa, bu bal təbiidir.
Balın içərisinə nerj materialından olan bir məftil salın, məftili geri çəkdikdən sonra məftilin üzərində bal qalıbsa, bal saxtadır.
Barmaqlarınıza bir qədər bal yaxıb saxlayın, saxta bal əldə yapışqanlılığını tez itirir, təbii bal isə uzun müddət saxlayır.
İlham Atakişiyev