Ukraynanı Ottava Konvensiyasından çıxmağa nə məcbur edib?

Rusiyanın Şərqi Avropada yaratdığı mövcud siyasi vəziyyət bir sıra ölkələri, o cümlədən Ukraynanı öz ərazi bütövlüyünü qorumaq üçün Ottava Konvensiyasından çıxmağa məcbur edib.
bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynanın konvensiyadan çıxmasına həsr olunmuş məqaləsində yazıb.
"Bizim qərarımız (konvensiyadan çıxmaq haqqında - red.) unikal deyil. Rusiya təcavüzünün təsiri altında Latviya, Litva, Estoniya, Finlandiya və Polşa artıq Ottava Konvensiyasından çıxmaq və ya öz öhdəliklərini yenidən nəzərdən keçirmək üçün siyasi, eləcə də qanunlara uyğun addımlar atıblar. Bu dövlətlər, hətta müharibə vəziyyətində olmadıqları halda Rusiya tərəfindən real təhlükəni və müdafiə məsələlərində daha çox çevikliyin təmin edilməsi zərurətini dərk ediblər", - o bildirib.
Diplomat qeyd edib ki, Rusiya Ottava Konvensiyasının tərəfi deyil və heç bir öhdəliyi yoxdur.
"Bu, son dərəcə ədalətsiz və birtərəfli vəziyyət yaradıb, belə ki, təcavüzkar ölkə məhdudiyyətlər olmadan hərəkət edir, Rusiya təcavüzünün qurbanı olan ölkə isə hətta özünümüdafiə məsələlərində belə beynəlxalq öhdəliklərlə məhdudlaşdırılıb", - o yazıb.
Səfir, həmçinin vurğulayıb ki, Ukraynanın Ottava Konvensiyasında qalması milyonlarla ukraynalının həyatını təhlükə altına qoyurdu: "Məhz bu, bizi son dərəcə qeyri-bərabər və ədalətsiz vəziyyətə gətirib çıxarıb, belə ki, beynəlxalq müqavilə bizim müdafiə imkanlarımızı məhdudlaşdırıb".