"9 milyard dollardan çox gəlir əldə edəcəyik"
2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 15 mlrd. 579 mln. manat (təxminən 9,2 mlrd. dollar), o cümlədən mənfəət nefti və qazının satışından isə 13 mlrd. 218 mln. manat (təxminən 7,8 mlrd. dollar) gəlir əldə edəcək. Bunu fondun direktoru Şahmar Mövsümov deyib.
"Gələn il ARDNF-in gəlirləri 15 mlrd. 579 mln. manat təşkil edəcək. 2017-ci illə müqayisədə fondun gəlirləri 28,4%, 2018-ci illə müqayisədə 1,8% artacaq", - deyə o, bu gün parlament komitələri tərəfindən 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Direktorun sözlərinə görə, gələn il əsas gəlir mənfəət nefti və qazının satışından əldə olunacaq. "2019-cu ildə fondun mənfəət nefti və qazının satışından 13 mlrd. 218 mln. manat gəlir əldə edəcəyi gözlənilir", - deyə Ş.Mövsümov əlavə edib.
Bu gəlirlər neftin bir barelinin orta qiymətli 60 dollardan götürülməklə hesablanıb.
Xəbər verildiyi kimi, cari il üçün ARDNF-in gəlirləri 15 mlrd. 310 mln. 823,9 min manat, xərcləri - 11 mlrd. 480 mln. 221,8 min manat məbləğində proqnozlaşdırılır.
Fondun gəlirlərinin strukturunda 2018-ci ildə Azərbaycanın mənfəət nefti və qazının satışından daxilolmalar 13 mlrd. 307 mln. 411 min manat və ya ARDNF-in cari il üçün bütün gəlirlərinin 86,9%-ni təşkil edəcək.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.