Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər...
Bu yaxınlarda Dövlət Statistika Komitəsi məktəbəqədər təhsil müəssisələri ilə bağlı rəqəm açıqlayıb.
Belə ki, dövlət bağçalarında işləyən 16099 pedaqoji işçinin 31,8 faizi ali, 61,7 faizi orta ixtisas, 6,3 faizi isə tam orta təhsillidir. 1679 dövlət bağçasının müdirlərindən 69,9 faizi ali, 28,6 faizi orta ixtisas, 1 faizi isə tam orta təhsillidir. Ümumilikdə isə rəsmi statistikaya əsasən, 505 bağça müdirinin ali təhsili yoxdur.
Maraqlıdır, ali təhsili olmayan şəxslərin bağça müdiri kimi çalışmasına münasibət necədir?
Məktəbəqədər təhsil müəssisələrində yoxlamaları kim və necə necə aparmalıdır?
ENA.az xəbər verir ki, Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi İsrafil Kərimov bildirib ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəbəqədər rəhsil müəssisələrində ali təhsilsiz bağça müdiri yoxdur:
“Həmin məsələ ilə əlaqədar bağçalarla maraqlandım. Bir neçə il bundan qabaq Təhsil Nazirliyi bütün bağça müdirlərinin diplomlarını yığıb və onların uyğun olub-olmadığını yoxlayıb. Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində bir nəfər də olsun nə diplomsuz, nə də diplomu bağça təhsilinə yaramayan bağça müdiri var. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də yoxlama aparılıb”.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Asim Mollazadə deyib ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artmalı, bu şəbəkə genişlənməlidir:
“Bağçalarda açkarlanan hər hansı bir nöqsana qarşı çox sərt mübarizə aparılmalıdır. Bu gün bağçalarla bağlı problemlər hamını narahat edir. Dövlət bağçalarında olan rüşvət faktları ilə bağlı sərt mübarizə aparılmalıdır. Günahkarlar öz cəzasını çəkməlidirlər. Əks halda, bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq. Həmçinin, bağçalarda olan neqativ halların ortaya çıxarılması üçün dövlət orqanları ilə yanaşı, ictimaiyyət və media da əllərindən gələni etməlidir”.
Təhsil eksperti Etibar Əliyev isə düşünür ki, məktəbəqədər təhsil müəssisələri mütləq Təhsil Nazirliyinin tabeliyinə verilməlidir:
“Məktəbəqədər təhsil müəssisələrinin kadrlarla təminatında çox böyük problemlər mövcuddur. Bağça müdirlərinin, tərbiyəçi müəllimlərin böyük kəsimi kollec məzunlarıdır. Araşdırsanız görərsiniz ki, böyük əksəriyyəti qiyabi təhsil alıb. Qiyabi təhsilin vəziyyəti haqqında hamımız məlumatlıyıq. Buna görə də bağçaların səviyyəsi çox aşağıdır. Məktəbəqədər təhsilin nəinki kadr təminatı, eyni zamanda tədrisi də pis vəziyyətdədir. Hansı ölkələrdə təhsil güclüdürsə, orada məktəbəqədər təhsil müəssisələrinin səviyyəsi çox yüksəkdir. Ortada Yaponiya, Almaniya nümunələri mövcuddur. Azərbaycanda məktəbəqədər təhsil müəssilərinin həm sayı azdır, həm də kadr təminatı bərbad vəziyyətdədir. Ona görə də yaxşı tərbiyə və elementar biliklərin verilməsində uşaqlar üçün problemlər yaranır.
Düşünürəm ki, təhsilin bu mühüm həlqəsində islahatlara ehtiyac var. Birincisi, çox ciddi monitorinq aparılmalıdır. Elə məktəbəqədər təhsil müəssisələri var ki, orada yaşı keçmiş tərbiyəçilər çalışır. İkincisi, kurrikulumlar, tədris metodiki vəsaitlər çox ciddi ekspertiza olunmalıdır. Üçüncüsü, məktəbəqədər təhsil müəssisələri paytaxtda Bakı şəhər İcra Hakimiyyətinin, rayonlarda isə rayon icra hakimiyyətlərinin tabeliyinə veriləndən sonra təhsilin və tərbiyənin keyfiyyəti ilə maraqlanan yoxdur. Bu qurumlar Təhsil Nazirliyinin tabeliyində olmadığı üçün icra hakimiyyətləri bağçaları ekspertiza etmək iqtidarında deyillər. Çünki bütün kurrikulum, tədris metodiki vəsaitlər Təhsil Nazirliyinin tərkibindədir. İcra hakimiyyətləri mütəxəssis baxımından yetərli deyillər. Ona görə də ilk islahat olaraq məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə qaytarılmalıdır”.