Bank

Azərbaycandakı Rusiya bankı necə işləyir?

Bank “VTB”nin ölkəmizdəki nümayəndəliyi artıq Azərbaycanın bank bazarında aktivləşib və pərakəndə bank xidmətlərini artırmağa çalışır. Ötən bir ildə bank necə dəyişib, hazırda hansı aktivliyə malikdir, bu barədə hesabat nəticələrinə əsasən fikir yürütməyə çalışacağıq. 

 

İşçilərə çəkdiyi xərcləri yarıbayarı azaldıb

ENA.az bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, Bank VTB (Azərbaycan) ASC ilk növbədə administrativ xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Maraqlıdır ki, bank işçilər üzrə ödənilmiş xərcləri yarıbayarıya endirib, məsələn 2018-ci ilin 6 ayında 4 milyon 102 min manat işçilərə xərc çəkilmişdisə, 2019-cu ilin birinci yarısında bu, cəmi 2 milyon 62 min manata düşüb.

Eyni zamanda bank müştərilərinin xarici valyutaya olan tələb və təkliflərinin ödənilməsi üçün xarici valyuta əməliyyatlarından zərərliyini də kəskin azaldıb. Belə ki, 2018-ci ilin birinci yarısında bu məqsədlər üçün 3 milyon 925 min manat zərər açıqladığı halda, 2019-cu ilin birinci yarısında cəmi 474 min manat zərərə düşüb.

 

Nostro hesabları 32 milyon manat artıb

Pul hərəkətinə görə, alınmış faizlər 4 milyon 174 min manat olub, bu ötənilki göstəricidən çoxdur. Üstəlik, ödənilmiş faizlərdə 5 milyon manatlıq bir fərq ortaya çıxır. Əgər 2018-ci il 30 iyun tarixinə ödənilmiş faizlər 6 milyon 792 min manat idisə, 2019-cu ildə 1 milyon 659 min natan düşüb.  Bu isə o deməkdir ki, bankda digər bankın nostro hesabı varsa ona ödənilən faizlər, müddətli depozitlər üzrə bankın faiz xərcləri 5 milyon manat azalıb. Bankın Nostro hesabları 32 milyon manat artaraq 46 milyona çatdığından faiz xərclərinin azalmasına bankın “müddətli depozitlərinin əriməsi” kimi baxmaq olar.

Alınmış digər əməliyyat gəliri (nə nəzərdə tutulduğu açıqlanmır-red.) qrafasında isə gəlir ötən bir ildə  27 min manatdan 4 milyon 144 min manata yüksəlib. Bank kredit təşkilatlarından 26 milyon manatını geri alaraq, cəmi 12 milyon manat saxlayıb. 2018-ci ilin ilk 6 ayında müştərilərə 14 milyon manat kredit verən  Bank VTB (Azərbaycan) ASC 2019-cu ilin altı ayında cəmi 7 milyon manat kredit verib. Qiymətli kağızların alınması üzrə xərclər isə 22 milyon manatdan 6 milyon manata düşüb. Bank əməliyyat fəaliyyətindən 33 milyon manat xalis pul əldə edib, 531 min manat isə investisiya qoyub. Pul vəsaitlərində 32 milyon manatlıq bir artım baş verdiyindən dövrün sonuna pul vəsaitləri 54 milyon manata yüksəlib.

 

Kredit portfelinin aktivlərdə payı 33%-dir

Bank sektorunun ən vacib göstəricisi aktivlər və onların tərkibinin dayanıqlı olmasıdır. Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 144 milyon 431 min manat olub ki, bu da illik müqayisədə 15,4% çoxdur. Aktivlərin 47 milyon 68 min manatı müştərilərə verilmiş xalis kreditlərdir və son bir ildə Bankın kredit portfeli 23,5% kiçilib. Ümumilikdə kredit portfelinin aktivlərdə payı 33%-ə yaxındır və bu, aktivlik baxımından yaxşı göstərici hesab edilmir.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 19,8% artaraq 84 milyon 58 min manata, o cümlədən ümumi depozit portfeli 8,8% artaraq 57 milyon 102 min manata, balans kapitalı isə 9,7% artaraq 60 milyon 373 min manata çatıb. Bankın nizamnamə kapitalı 315 milyon 815 min manat, 58 milyon 271 min manatdır.

Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 5% normaya qarşı 67,42%, məcmu kapitalın adekvatlıq əmsalı isə 10% normaya qarşı 74,70% təşkil edir. Bu isə o deməkdir ki, bank vəsaitlərini çox yüksək səviyyədə idarə edir və nəticədə bu vəsaitlər ona gəlir gətirir. Azərbaycan bank bazarında bu göstəriciyə çox az bankda təsadüf edilir. Bankın cari ildə 4 milyon 173 min manat mənfəəti, 256 milyon manat həcmində bölüşdürülməmiş zərəri mövcuddur. Zərərlər ötən illərdən formalaşdığından cari ildəki mənfəəti hələki onun həcminə güclü şəkildə təsir etmək iqtidarında deyil və ilin sonuna qədər bankın bu zərərlilik göstəricisini tam bağlaması da real deyil.

Mənfəət vergisi ödəməyib

“Bank VTB” Azərbaycan ASC bu ilin birinci yarısını 4 milyon 713 min manat mənfəətlə başa vurub. Yanvar-iyun aylarında gəlirləri 6,48 milyon manat təşkil edib. Gəlirlərdən 4,174 milyon manatı faiz, 2,306 milyon manatı qeyri-faiz gəlirləridir. Cəmi 10,253 milyon manat xərclərin 2,64 milyon manatı faiz, 7,613 milyon manatı qeyri-faiz xərcləridir. Bank xüsusi ehtiyatlara 8,486 milyon manat ayırıb və mənfəət vergisi ödəməyib.

P.S. Beləliklə, “Bank VTB” Azərbaycanın hesabatında ən çox diqqətçəkən məqamlar sırasında işçilər üzrə xərclərin azalması, yəqin ki, bu işçilərin ixtisarı ilə bağlıdır, faiz xərclərinin kəskin düşməsi, kapital gəlirliyinin yüksək olmasını xüsusi qeyd etmək mümkündür.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)