Sosial iqtisadiyyat

Dörd minlik cərimələr nəyi dəyişəcək?

“Dənizə getməyi həm sevirik, həm də büdcəyə qənaət edirik. Ancaq bu il çimərliklərin ekoloji vəziyyəti ilə bağlı o qədər mənfi xəbərlər oxumuşuq ki, övladlarımızı oraya aparmağa risk edə bilmirik. Məcbur adambaşına 15-20 manat ödəyib hovuza gedirik".

ENA.az xəbər verir ki, eyni haldan nigaran olan sadəcə paytaxt sakini Əsmayə Məmmədova deyil. Artıq yayı yarılamağımıza baxmayaraq istər bakılılar, istərsə də şəhərimizin qonaqları hələ də çimərliklərə getməyə risk eləmir. Burada bir çox amillər rol oynayır. Ancaq əsas səbəb çimərliklərin təmizliyi ilə bağlı aparılmış monitorinq nəticələrinin mənfi çıxmasıdır.

Nazirliyin keçirdiyi monitorinq nəticələrinə əsasən, ötən illərdə olduğu kimi Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərində yenə də dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş hesab edilmir. Əfsuslar olsun ki, bu il yararsız çimərliklərin sayı daha da artaraq siyahıya Novxanı, Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklər də daxil olub. Buna əsas səbəb isə sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrində tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

Tullantı sularının idarə olunması ilə bağlı keçirilmiş reyd əsasında bir sıra obyekt sahibiləri 4000 manat məbləğində cərimələnib və verilmiş “məcburi göstəriş”lərin tələblərini icra etməyən məşhur istirahət mərkəzlərinin fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb. 

Bəs aparılmış bu kimi addımlar nə dərəcədə faydalı olub?

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, bəzi obyektlər, məsələn, “Ülfət” və “Dənizçi” istirahət mərkəzləri xəbərdarlıqları nəzərə alaraq artıq təmizləyici qurğular quraşdırılması işinə başlayıb.

Bağlanılması üçün nazirliyin məhkəməyə müraciət etdiyi mərkəzlər siyahısında olan Bakıda yerləşən “Aquapark” istirahət mərkəzi də xəbərdarlıqları nəzərə alanlardandır. Mərkəzin direktoru Zaur Hüseynli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu günə kimi mərkəzdə şambonlardan istifadə olunub və bunun doğru olmadığını bilməyiblər: “Bizə izah olundu ki, bu qayda düz deyil və 4000 manat cərimə olunduq. Hazırda bu işin üzərinə düşmüşük və yaxın vaxtlarda çirkab sularının kanalizasiyaya qoşulmağını planlaşdırmışıq. Bu mövsüm problem aradan qaldırılacaq”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hər kəsi məsələyə həssas yanaşmağa çağıraraq, Xəzərin çirkləndirilməsinə biganə qalmağın özümüzə qarşı təhdid olduğunu vurğulayıb:

“Müsbət nəticə əldə edilənədək tərəfimizdən dənizi çirkləndirən subyektlərə qarşı bütün inzibati və maarifləndirici üsullardan istifadəni davam etdirməkdə israrlıyıq. Bu gün tam şəkildə ictimaiyyətə bəllidir ki, Xəzərin sahil zolağında yerləşən əksər istirahət mərkəzləri dənizə tullantı suları atır. Ötən ildən obyekt sahiblərinə çirkab su təmizləyici qurğular quraşdırsınlar deyə bildiriş məktubları göndərilib, tövsiyələr, xəbərdarlıqlar edilib və onlara yetərincə vaxt verilib. Amma bu gün görünən odur ki, əksəriyyət bu cür səmimi münasibətə lazımi reaksiya vermir. Bununla da, obyekt sahiblərinin özləri cərimələnmələrinə və hətta fəaliyyətlərinin qurğu quraşdıranadək dayandırılmasına şərait yaratmış olurlar. Amma yenə də gec deyil, təmizləyici qurğuların quraşdırılmasına indi də başlamaq olar. Bizim əsas tələbimiz budur. Onlar bilməlidirlər ki, yalnız adekvat hərəkətlə sərt tədbirlərin tətbiqindən və ictimai qınaqdan qurtarmaq mümkündür”.

İradə İbrahimova sözügedən qurğuların qiyməti məsələsinə də toxunub:

“Quraşdırılması tələb edilən su təmizləyici qurğular bütün dünyada istifadə olunur. Su təmizləmə həcmindən asılı olaraq da müxtəlif qiymətlər təqdim edilir. Hesab edirəm ki, qiymətlər obyekt sahiblərinə də uyğundur. Yəni, sahibkar külli miqdarda cərimə ödəməkdənsə, bu qurğunu quraşdırmaqda daha maraqlı olmalıdır. Çünki qurğu quraşdırılmadığı təqdirdə yenə də cərimə ödəməli olacaq. Bizim məqsədimiz isə cərimə etmək deyil, qurğuların quraşdırılması, dənizin təmizliyinə nail olunmasıdır”.

Millət vəkili Aydın Mirzəzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu baxımdan  qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir:

“Bələdiyyələrin bu istiqamətdə həm hüquqları, həm də məsuliyyəti artırılmalıdır. Bəzən hüquqlar var, amma ondan istifadə edilmir. Eyni zamanda, cərimə metodundan yararlanmırlar. Bundan əlavə, ictimai nəzarət olmalıdır. Demək olmaz ki, ətraf mühiti ancaq böyük müəssisələr çirkləndirir. Azmı görürük, avtomobil yollarının kənarına atılan butulkaları, yemək qalıqlarını, zibilləri?! Bu istiqamətdə verilişlərin aparılmasına, sosial çarxların hazırlanmasına çox böyük ehtiyac var”.

Deputat Rauf Əliyev çirmərliklərlə bağlı görülən tədbirləri dəstəkləyərək Xəzər dənizinin çirkləndirilməsinin çox vacib məsələ olduğunu vurğulayıb.

"Bu gün həmin obyektlərdən dənizə çirkab suları axıdılır və nəticədə dəniz çirklənir. Həmin obyektlərə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başlatdığı tədbirlər alqışlanmalıdır. Çünki obyekt işlədənlər üçün təmizləyici qurğunun quraşdırılması elə çətin məsələ deyil. Məhkəmələr də mütləq qərar verməlidirlər ki, həmin obyektlər təmizləyici qurğular quraşdırsın. Hesab edirəm ki, məhkəmələr, bələdiyyələr, yerli icra orqanları, deputatlar da bu məslələrdə ETSN-ə kömək etməlidir”.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)