Vəziyyət pis olsa Nazirlər Kabineti işə qarışacaq - YENİ QƏRAR
Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.
"Bİ", dəyişikliklərə əsasən dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yaranan zaman məsul orqanlar və onların vəzifələri müəyyənləşib.
Beləliklə, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, Nazirlər Kabineti cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Milli Məclisə müraciət edilməsi ilə bağlı Maliyyə Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qarşısında məsələ qaldıracaq.
Qeyd edək ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 29 iyun 2018-ci il tarixli qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Milli Məclisə müraciət edilməsi ilə bağlı prosedur əksini tapıb. Nazirlər Kabinetinin qərarı isə bu halda məsul orqanları və bu orqanların vəzifələrini müəyyənləşdirir.