9 ay ərzində Azərbaycanın valyuta ehtiyatları 8% artıb
30 sentyabr 2018-ci il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 44 mlrd. 522,2 mln. dollar və ya 2018-ci ilin yekunları üzrə ÜDM-in 92,3% səviyyəsində təşkil edir. Bu barədə Hesablama Palatasının məlumatında qeyd olunur.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 41 mlrd. 187,5 mln. dollar təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta ehtiyatları 8,1% artıb.
“Sentyabrın sonuna Azərbaycanın valyuta ehtiyatları 44 mlrd. 522,2 mln. dollar təşkil edib. Buna ARDNF-nin 38 mlrd. 987,7 mln. dollar məbləğində aktivləri və AMB-nin 5 mlrd. 534,5 mln. dollar məbləğində ehtiyatları daxildir. Ümumilikdə, ölkənin valyuta ehtiyatları ÜDM-in 92,3%-nə ekvivalentdir (2018-ci ilin yekunları üzrə nominal ÜDM-in 48,2 mlrd. dolar səviyyəsində proqnozlaşdırılır )”, - Hesablama Palatasının materiallarında bildirilir.
Azərbaycan 27 ay ərzində malların və xidmətlərin idxalının ödənişi üçün kifayət qədər strateji valyuta ehtiyatlarına malikdir.