Sosial iqtisadiyyat

Bazarlardakı bu yağların 90 faizi saxtadır

Satışda olan yağların tərkibində müxtəlif qarışıqların olması, onların təmiz olmaması ilə bağlı məsələ tez-tez gündəmə gəlsə də, bu problem illərdir həllini tapmır.

Elə bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, “nehrə yağı” adı altında Azərbaycanın müxtəlif regionlarında satışa çıxarılan keyfiyyətsiz qidanın tərkibində müxtəlif qarışıqlar və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub.

Kərə yağının isə işbazların əlindəki ən “sevimli vasitə” olduğunu xatırlatmağa lüzum yoxdur. Çünki sözügedən yağ Azərbaycan mətbəxində çox istifadə edilənlərdəndir. Hazırda Azərbaycanda 30 növdən çox kərə yağı satılır. Bu yağlardan hansının əsl kərə yağı olmasını müəyyən etmək isə alıcı üçün ənənəvi çətinliklərdən biridir.

Statistika göstərir ki, yağ əhalimizin ən çox istehlak etdiyi 10 qida məhsulundan biridir. Əmək qabiliyyətli əhali üçün minimum istehlak səbətinə il ərzində adambaşına yeddi kiloqram kərə yağı daxildir. 

Mövzunun aktuallığını nəzərə alaraq, kərə yağları ilə bağlı ekspertlərin fikirlərini t'qdim edirik. 

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin Qida mühəndisliyi və ekspertiza kafedrasında baş müəllimi Müşfiq Xəlilovun sözlərinə görə, tərkibində qatqı olan və kərə yağı adı altında satılan yağlar təhlükəlidir: 

“Trans yağlar təbii quruluşu bir qədər dəyişmiş, doymamış yağlardır. Bu yağların əksəriyyəti süni şəkildə hazırlanır və ona görə də bazarda satılan kərə yağlarının çoxunun qiyməti ucuz olur. Bu da insan orqanizminə ziyandır. Təbii olmayan məhsulun necə faydası ola bilər? Əgər yağın tərkibi problemlidirsə, insanda ürək-damar xəstəliklərinin əmələ gəlməsinə yol açır”.

Ekspert  bəzi ölkələrin trans tərkibli yağlardan imtina etdiyinə diqqət çəkib:

“Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə, insan orqanizmi üçün zəruri olan sutkalıq yağın miqdarı iki-üç qramdır. Elə ölkə var ki, trans tərkibli yağlara müəyyən hədlər qoyub, hətta imtina edənlər də var. İnsanın kalori ödəmə məsələsi var. Burada, əsasən, təbii maddələr lazımdır. Hər bir yağın əsas tərkibi karbohidratdır. Bu, düzgün deyilsə, yağlar insanın orqanizmin məhvinə səbəb olacaq”.

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, kərə yağı bazarı Azərbaycanın istehlak bazarının çox önəmli hissəsini təşkil edir:

“İstər iqtisadi, istərsə də ərzaq təhlükəsizliyi baxımından kərə yağı bazarda son dərəcədə önəmli bir seqmentdir. Bunun həm sosial, həm də iqtisadi mənası var. Təəssüf ki, kərə yağı bazarında son illər ərzində formalaşan vəziyyət ürəkaçan deyil.

Biz bir tərəfdən qiymətlərin çox yüksək olmasını qeyd etməliyik, digər tərəfdən də keyfiyyət amili ilə bağlı problemlər var. Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra əmtəə və keyfiyyətlə bağlı ciddi problemlər yaranmağa başladı və yeni standartlaşma sistemi müəyyən mənada problemlərə səbəb oldu.

SSRİ dövründə standartlaşma sistemində məhsulun nəinki son vəziyyətinin standartlara uyğun olub-olmaması ölçülürdü, həm də onun hazırlanması mexanizmi də ciddi şəkildə aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə idi.

Sonralar bu prosesdə müəyyən boşluqlar yarandı. Bu boşluqlar standartlaşma sisteminin hazırlanmasında və tətbiq olunmasında problemlər, qurumların fəaliyyətindəki nöqsanlarla bağlı idi. Ona görə də indi biz bu proseslərin artıq mənfi nəticələrini görürük”.

Ekspert deyir ki, kərə yağı ilə bağlı keyfiyyət və qiymət amili istehsalat bazarında ciddi problemlər yaradır.

“Qiymət amilinə gədikdə, burada inhisarçılığın mövcudluğu ciddi problemlərə yol açır.

Qiymətlər süni şəkildə şişirdilir. Bunun üçün bazarlarda atiinhisar siyasəti olmalıdır. Dövlət qurumlarının səlahiyyətləri var. Azərbaycan qida Təhlükəsizliyi Agentliyi aktiv şəkildə fəaliyyətini gücləndirməlidir. Bu, sosial və iqtisadi cəhətdən strateji bir məsələdir.

Yaxın müddət ərzində bu istiqamətlərdə kəskin şəkildə addımlar atılmalı və qərar verilməlidir”, - deyə Elşad Məmmədov qeyd edib. 

Kərə yağı ilə bağlı əsas problemlərdən biri də əmtəə məsələsidir.

Bu barədə isə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlama verib.  

“Əsas problemlərdən biri markalanma ilə bağlıdır. İstehlakçı üçün məlumat standartı olmadığından hər kəs istədiyi kimi qarışıq yağları kərə yağı adı ilə markalayır. Malın üzərinə inək şəkli vurulur və “təbii təmiz yağ” yazılır.

İstehlakçı da buna aldanır və yağı alır, amma məlum olur ki, bu yağ bitki yağlarının qarışığıdır. Malın üzərində adı və tərkibi yazılmalıdır”.

Eyyub Hüseynov qeyd edib ki, satışda olan kərə yağı ilə bağlı AİB-ə müxtəlif şikayətlər daxil olur: 

“İstehlakçılar zəng edib yağların qiymətindəki müxtəlifliklə bağlı narazılıqlarını bildirirlər. Yağlarla bağlı bizə həftədə ən azı üç zəng daxil olur. Onlar eyni qiymətə aldıqları yağların qoxularının tamamilə fərqli olduğunu deyirlər.

Üç il əvvəl mən Yeni Zelandiyada Azərbaycan bazarı üçün hazırlanan yağ zavoduna baş çəkdim. Oradan ölkəmizə gələn yağlar ana dilimizdə markalanırdı. Ölkədə satılan təbii kərə yağı 60 faiz təşkil edir”.

Kəndlərdən şəhərə gətirilərək, camış yağı adı altında satılan yağların 90 faizi saxtadır.

Heyvanların iç yağını qarışdırırlar və əridəndə pis qoxu gəlir. Bunlar insan sağlamlığı üçün təhlükəlidir”.

Bəs kərə yağının tərkibinin təmiz olduğunu necə anlamaq olar? 

Mütəxəssislər deyir ki, marketlərdən təbii kərə yağı alanda öncə rənginə diqqət etmək lazımdır. Təbii kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Yağın rəngi mütləq bərabər olmalıdır. Dəyişən rənglər kərə yağına məxsus deyil. Əgər aldığınız yağ elədirsə, demək, saxtadır. 

Əsl kərə yağının tərkibindəki yağın həcmi 82 faizdən az olmamalıdır.

Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də, sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində isə yağ, adətən, 8ºC və daha yüksək temperaturda saxlanılır.

Eyni zamanda, yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var. Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə yeddi ay saxlamaq olar.

Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq doqquz və altı aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 3-8ºC temperaturda bir ilə qədər saxlanıla bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)