Xəzərin sahilindəki şəhərin əhalisi niyə təbii balığa həsrətdir? - FOTO
Xəzərin sahilində yerləşməsinə baxmayaraq, Bakıda dəniz məhsullarının, xüsusən də ən çox tələbat olan balığın bol olduğunu söyləmək olmaz. Xüsusən də mövsümlə bağlı alıcılıq artdıqca paytaxtda balıq qıtlığı yaşanır. Bu da süni göllərdə yetişdirilən balıqların bazarda özünə yer tutmasına gətirib çıxarır.
Bu gün Bakının balıq satılan bir neçə kənd təsərrüfatı bazarına baş çəksək təbii dəniz və çay balıqlarının azlıq təşkil etdiyini görə bilərik. Balıq mövsümünün başlanması ilə bağlı bolluğun, qiymətlərin, alıcılığın nə vəziyyətdə olduğunu öyrənmək üçün musavat.com-un müxbiri "8-ci kilometr” bazarına baş çəkib.
"8-ci kilometr” bazarının kənd təsərrüfatı məhsulları satılan şöbəsində bir neçə piştaxtada balıq satışı həyata keçirilir. Piştaxtnın üstünə müxtəlif növ balıqlar düzülüb, eləcə də ətrafa qoyulmuş plastik ləyənlərdə diri balıqlar satışa çıxarılıb. Diri balıqların əksəriyyətinin süni göllərdə yetişdirildiyi də heç kimə sirr deyil.
Balıq bazarında alıcılığın yüksək həddə olduğu ilk baxışdan nəzərə çarpır. Bu aylar balığın yeyilmə mövsümü olduğundan piştaxtaların qarşısı müştərilərlə dolub. Bu vəziyyətdən məmnun qalan satıcılar da alıcılığın yüksək səviyyədə olduğunu gizlətmirlər.
Alim adlı satıcı bildiridi ki, hazırda balıq bazarında alıcılığın ən yüksək olduğu dövrdür: "Bu aylar həm də balığın əsl yeyilmək vaxtıdır. Bu səbəbdən də satışımız daha çox olur. Satışda kefal, sazan, belamur, kütüm, xəşəm, çapaq, farel, durna balığı, sudak kimi balıq növləri var. Gün ərzində ümumilikdə 70-80 kiloqram balıq satırıq”.
Balıq bazarında qiymətlərə gəlincə, ötən illə müqayisədə bir qədər bahalaşma müşahidə edilir. Əksər balıqlarda 1.50-2 manat bahalaşma var. Balıqların iri və xırdalığından asılı olaraq qiymətlər belədir. Kefalın 1 kiloqramı 7-10 manat, xanı balığı 4 manat, durna balığı 4-7 manat, xəşəm 10-12 manat, kütüm 8-10 manat, çapaq 2.50 qəpik, sudak 6-10 manat, farel 11-13 manat...
Müştərilər də bildirdilər ki, bazarda istədikləri növdə dəniz balıqlarını tapmaqda çətinlik çəkirlər: "Son illər bazarda balıq növləri sanki azalıb. Misal üçün, xəşəm balığı tapa bilmirik. Keçən illə müqayisədə bu il daha az balıq gətirilir. Ümumiyyətlə, dəniz balıqları yox səviyyəsindədir”.
Satıcılar da müştərilərin narazılıqlarını haqlı sayırlar: "Son illər dənizdə balıq azalıb. Bu barədə balıqçılar da danışır. Öz şəxsi qayığı ilə balıq tutanlar dənizdə balıqların yoxa çıxdığını deyirlər. Belə olan halda isə balıq bahalaşır. Çox güman ki, dəniz balıqlarının qiyməti bu yaxınlarda bir qədər də bahalaşacaq. Əvvəllər balıqçılar hərəyə 50-60 kiloqram balıq tuturdularsa, indi bundan iki dəfə az tuturlar”.
Balıqçılar etiraf edirlər ki, süni göllərdə yetişdirilən balıqlar olmasa, qiymətlərdə kəskin bahalaşma olardı: "Balıq bazarında kəskin qiymət artımının qarşısını alan süni göllərdə saxlanılan balıqlardır. Əgər bunlar olmasa, balığın kiloqramı 15-20 manata qədər bahalaşar. Göl balıqlarına da tələbat var. Lakin alıcılar daha çox dəniz və çaylardan tutulan təbii balıqlara üstünlük verirlər. Bu səbəbdən də tələbatı ödəmək çətin olur. Süni göllərdə yetişdirilən balıqlarla təbii balıqlar arasında 3-5 manat qiymət fərq var. Məsələn, sazan balığında bu fərq 2-3 manatdır”.
Qeyd edək ki, çay balıqlarından fərqli olaraq, bəzi dəniz balıqlarını süni göllərdə saxlamaq mümkün deyil. Bəzilərini yetişdirmək üçün xüsusi qaydalar var.
Azərbaycanda artıq süni göllərdə dəniz balıqlarının yetişdirilməsinə başlanılıb. Hər bir halda təbii balıqla, süni göllərdə yemlə bəslənən balıqların həm qiymətində, həm də dadında böyük fərq var.
Alıcıların əsasən qiyməti ucuz olduğu üçün süni yetişdirilən balıqları almaq məcburiyyətində qalırlar. Çünki əksər hallarda dəniz balıqlarının kiloqramı 15 manatdan başlayır ki, bu da Azərbaycan şəraitində çox bahadır.
Mütəxəssislər isə hesab edir ki, Azərbaycan kimi təbii şəraiti olan ölkədə balığın qiyməti bundan bir neçə dəfə ucuz olmalı idi. Son 10 ildə Xəzərdə balıq ehtiyatlarının müxtəlif səbəblərdən azalması da ciddi ekoloji böhran kimi qiymətlədirilir.
Məlum olduğu kimi, Xəzər dənizində 100-dən çox balıq növü mövcuddur. Bunlar əsasən, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, külmə, çəki, xəşəm və başqa balıq növləridir. İlanbalığı, qızılxallı, poru, dəniz sıfı balıqlarını isə tutmaq qadağandır. Bu balıqlar respublikamızın "Qırmızı Kitabı”na düşən balıq növləridir.