AMEA-nın həqiqi və müxbir üzvlərinə torpaq sahələri paylanır
Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşı olan həqiqi və müxbir üzvlərinə torpaq sahələrinin paylanılmasına başlayıb.
Akademiyadan verilən məlumata görə, Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli 14/3 nömrəli qərarına əsasən, AMEA-nın tam ştat vahidi ilə 5 ildən artıq əmək stajı olan əməkdaşlarına AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, Xızı rayonunun Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahəsindən müvəqqəti istifadə üçün 10 (on) sot sahə ayrılması məsələlərinə baxılır: "AMEA-da işləyən və torpaq sahəsi almaq istəyən akademiklərdən, eyni ilə də müxbir üzvlərdən xahiş olunur ki, bir həftə müddətində AMEA-nın İşlər idarəsinə müraciət etsinlər".
Akademiyadanm qeyd edilib ki, AMEA RH-nin 14 dekabr 2018-ci il tarixli 17/5 nömrəli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları” təsdiq edilib. Həmin Qaydalara əsasən, əməkdaş ona ayrılmış torpaq sahəsinin abadlaşdırılması və kommunal-kommunikasiyaların yaradılması, saxlanılması və digər problemlərinin həlli üçün hər ay 15 manat məbləğində vəsaiti kompleksə ödəməyi öz öhdəsinə götürür. Vəsait hər növbəti ayın 15-ə qədər ödənilməlidir. Əməkdaş torpaq sahəsində müvəqqəti istifadə üçün daldalanacaq yerləri (vaqon, ev “besedka”) quraşdıra, sahənin ətrafını isə yaşıl çəpər və ya metal torla bağlaya bilər. Əməkdaş sahəsində mövcud olan ağacı kəsməməli və digər ekoloji tələblərə, ərazidə təmizliyə, sakitliyə riayət etməli və qonşulara ziyan verməməli, torpaq sahəsində meyvə ağacları və gündəlik tələbata uyğun olaraq bostan bitkiləri əkməlidir. Torpaq sahəsinin ətrafına daş, beton hasar çəkilməsi, kənar şəxslərin istifadəsinə verilməsi, torpaqda daşınmaz əmlakın inşası qadağan edilir. Əməkdaş təqaüdə çıxdıqda və ya uzunmüddətli ezamiyyətə getdikdə, vəfat etdikdə, və ya itkin düşdükdə onun ailə üzvlərindən biri bu müqavilənin tələblərinə riayət etməyi öz öhdəsinə götürüb müqavilə bağlayarsa ailəsinin torpaqdan istifadə hüququ saxlanılır.
AMEA əməkdaşı ilə müqaviləni 2 il müddətinə bağlayacaq. Əməkdaşa müvəqqəti verilmiş torpaq sahəsi səmərəli istifadə etdikdə müqavilənin müddəti uzadıla bilər.