“Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verildi
Azərbaycan Mərkəzi Bankı “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”ni istifadəyə verib.
Qurumdan ENA.az-a verilən məlumata görə, istifadəçilər axtar.bizimpullar.az ünvanında yerləşən sistemə həm fərdi kompüterlərdən, həm də mobil сihazlardan daxil ola bilərlər.
Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan bu sistem istifadəçilərin maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradır. Sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq və bu xidmətlərdən istifadəni stimullaşdırmaqla yanaşı, maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, həmçinin şərtlərinin yaxşılaşdırılmasına da töhfə verəcək.
Sistemə qoşulmuş banklar əsas maliyyə məhsulları (məsələn, əmanət, kredit, ödəniş kartları və s.), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirib mütəmadi yenilənməni təmin edirlər.
“Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə bankların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.