"Aztelekom"un xalis mənfəəti 3 dəfədən çox artıb
“Aztelekom” MMC 2018-ci ili 18 milyon 812 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, MMC 2017-ci ili 5 milyon 647 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Aztelekom”un xalis mənfəəti 3,3 dəfə artıb.
GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ AZALIB
"ENA" “Aztelekom”un illik hesabatına istinadən xəbər verir ki, ötən il MMC-nin cəmi gəlirləri 81 milyon 953 min manat, cəmi xərcləri isə 63 milyon 141 min manat təşkil edib.
2017-ci ildə “Aztelekom”un cəmi gəlirləri 89 milyon 438 min manat, cəmi xərcləri isə 83 milyon 791 min manat təşkil etmişdi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.