A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta olunan

Sözün izahı

 

Sığorta müqaviləsi üzrə sığorta təminatı verilən və ya maraqları sığorta müqaviləsi əsasında qorunan fiziki şəxs.

Misal və əlavə izahat:        

Şəxs öz daşınmaz əmlakını sığortaçıda sığorta etdirir və sığorta müqaviləsi üzrə sığortalı hesab edilir. Daşınmaz əmlakla bağlı mənafeyi sığortalanan həmin şəxs həm də sığorta olunandır. Əgər şəxs sığorta müqaviləsi bağlayaraq öz işçisinin həyatını sığorta etdirirsə, bu zaman o sığortalı, işçisi isə sığorta olunan hesab edilir. Yaxud şəxs avtomobilini sığorta etdirir və sığorta müqaviləsində özündən başqa, avtomobildən istifadə üçün etibarnamə verdiyi digər şəxslərin müqavilə üzrə sürücü qismində tanınmasını razılaşdırır (yəni təkcə həmin şəxs deyil, adına etibarnamə verilmiş sürücülər də sükan arxasında olarkən baş vermiş qəza sığorta hadisəsi hesab edilir). Bu zaman şəxs özü həm sığortalı, həm də sığorta olunan, müqavilədə sürücü kimi göstərilən və adına etibarnamə verilmiş digər şəxslər isə sığorta olunanlar hesab edilirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 884.5:

Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.5:

sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2007), səh. 37:

Sığorta olunan (eng.–insured)– həyat sığortasında həyatı ilə bağlı sığorta müqaviləsinin bağlandığı şəxs; əmlak və mülki məsuliyyət sığortasında sığorta müqaviləsi üzrə sığorta ödənişinin verildiyi və ya xeyrinə verildiyi şəxs.

Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il,

maddə 44, bənd 1: Üçüncü şəxsin (eng.– third party)xeyrinə sığorta müqaviləsi halında sığorta olunan (eng.–insured person) sığorta müqaviləsindən irəli gələn hüquqlara malik olur. Hər bir halda, yalnız sığortalı (eng.– policyholder) sığorta polisinin ona göndərilməsini tələb edə bilər.

“Sığorta fəaliyyətinin əsasları” Dərslik / prof. Т.А. Fyodorovanın redaktəsi ilə - Moskva, BEK nəşriyyatı - 1999:

Sığorta olunan şəxs (рус.– застрахованное лицо) – şəxsi sığortada həyatı, sağlamlığı və ya əmək qabiliyyəti, sığorta müdafiəsinin obyekti hesab edilən fiziki şəxs; məsuliyyət sığortasında zərər vurmağa görə məsuliyyət riski sığorta müdafiəsinin obyekti hesab edilən fiziki və ya hüquqi şəxs.

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 934, bənd 2:

Şəxsi sığorta müqaviləsi sığorta olunan hesab edilməyən şəxsin, o cümlədən sığorta olunan hesab edilməyən sığortalının xeyrinə yalnız sığorta olunanın yazılı razılığı ilə bağlana bilər.