Günay Cəlilova: QR ödənişlərin yayılması istehlakçı vərdişlərindən asılıdır

Azərbaycanda gün ərzində təxminən 1 milyard manat vəsait dövriyyədən keçir və bu məbləğin yalnız kiçik hissəsi QR ödənişlərin payına düşür.
ENA.az xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyətinin üzvü Günay Cəlilova bildirib.
Onun sözlərinə görə, kiçik və orta biznes (KOB) subyektləri üçün ən mühüm amillər kreditin əldə olunma sürəti və qiymətidir. QR ödənişlər isə daha əlverişli qiymət şərtləri təklif edə bilər. Lakin bu ödəniş üsulunun geniş yayılması istehlakçı vərdişlərindən asılıdır.
G.Cəlilova qeyd edib ki, Azərbaycan istehlakçısı əvvəlcə “Google Pay” ilə tanış olub, QR ödəniş texnologiyası isə bazara daha sonra daxil olub.
“Azərbaycan istehlakçısı qısa müddətdə “Google Pay”ə vərdiş edib və hazırda bu vərdişi dəyişməyə ciddi ehtiyac görmür. Bununla belə, QR xidməti istifadəçilərə daha əlverişli şərtlər təqdim edə bilər”, – deyə G.Cəlilova bildirib.











