Neft qiymətləri son üç ayın minimumuna yaxın səviyyədə qalıb (24.11.2026)

Neft qiymətləri son üç ayın minimumuna yaxın səviyyədə qalıb.
ENA.az Reuters-ə istinadən xəbər verir ki, dünya bazarlarında neft qiymətləri noyabrın 24-də ucuzlaşaraq son üç ayın minimumuna yaxın səviyyədə qərarlaşıb. Qlobal tədarükün bərpası və bazarda təklif artıqlığı gözləntiləri Hörmüz boğazında gəmiçiliklə bağlı riskləri üstələyib.
Bakı vaxtı ilə səhər saatlarında “Brent” markalı neftin fyuçersləri 0,45% ucuzlaşaraq bir barel üçün 88,97 dollara, ABŞ-nin WTI markalı nefti isə 0,29% azalaraq 79,94 dollara düşüb.
Qiymətlərə təsir edən əsas amillərdən biri Liviyada neft hasilatının bərpasıdır. Ölkənin Şərara neft kəmərinin yenidən fəaliyyətə başlamasından sonra xam neftin Zaviya şəhərindəki Akakus obyektinin anbarlarına axını bərpa olunub.
“Deutsche Bank”ın məlumatına görə, qlobal maye karbohidrogen ehtiyatları oktyabr ayında 52 milyon barel artıb. Bu göstərici gündəlik təxminən 1,7 milyon barel həcmində təklif artıqlığına işarə edir. “Reuters”in ilkin sorğusu da ABŞ-da ötən həftə xam neft və neft məhsulları ehtiyatlarının artmış ola biləcəyini göstərir.
Bununla belə, Hörmüz boğazında təhlükəsizlik riskləri davam edir. İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bazar ertəsi üç neft tankerinin dəniz minalarına dəyməsi nəticəsində alovlandığını bildirib. “The Wall Street Journal” isə ABŞ-ın İranın 50-yə yaxın enerji tankerinə qarşı kiberhücumlarda mümkün iştirakını araşdırdığını yazıb.
Analitiklər hesab edirlər ki, tədarükün yaxşılaşmasına baxmayaraq, logistika məhdudiyyətləri və ehtiyatların aşağı səviyyədə olması neft bazarını mümkün fasilələr qarşısında həssas saxlayır.
“Reuters”in məlumatına görə, OPEC+ ölkələrinin nazirləri noyabrın 29-da 2027-ci il üzrə hasilat siyasətini müzakirə edəcəklər.











