Azərbaycanda elektron pul təşkilatına yeni rəhbər təyin edildi

Azərbaycanda fəaliyyət göstərən “United Payment” MMC-nin Müşahidə Şurasının rəhbərliyində dəyişiklik baş verib.
Məlumata görə, Gizem Moral şirkətin Müşahidə Şurasının sədri təyin edilib. O, bu vəzifədə Halim Memişi əvəzləyib.
Gizem Moral 2026-cı ilin iyulundan Türkiyənin “Moka United” şirkətinin baş icraçı direktoru vəzifəsində çalışır. O, 2025-ci ilin noyabrından 2026-cı ilin mayınadək “Catalyst Capital Portföy”ün baş icraçı direktoru və Direktorlar Şurasının sədri olub.
Moral 2021–2025-ci illərdə “PupaGrowth Advisory & Consultancy Services” vasitəsilə “Revo Capital”a məsləhət xidmətləri göstərib, 2019–2021-ci illərdə isə birbaşa “Revo Capital”da çalışıb. O, 2015–2018-ci illərdə Türkiyənin daşınmaz əmlak elanları platforması olan “Emlakjet”in baş icraçı direktoru olub.
Gizem Moral 2004–2015-ci illərdə “Turkcell”də strateji planlaşdırma, büdcələşdirmə, marketinq, bazar araşdırmaları və korporativ mobil internet xidmətləri üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, karyerasına 1997-ci ildə “Henkel” şirkətində marketinq nəzarəti üzrə başlayıb və 2004-cü ilədək burada fəaliyyət göstərib.
“United Payment” MMC 2021-ci ilin iyununda dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1.68 milyon manat təşkil edir.
Şirkətin direktoru Edqar Abdullayevdir.
Azərbaycan Mərkəzi Bankı 16 may 2024-cü il tarixində “United Payment” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün EPT-002 nömrəli müddətsiz lisenziya verib. Şirkət “United Payment” və “Moka United” əmtəə nişanları ilə fəaliyyət göstərir.
Mənbə:banker.az











