Mərkəzi Bank dövlət istiqrazlarının gəlirliliyini necə hesabladığını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatla buraxılan dövlət istiqrazlarının gəlirlilik əyrisinin hesablanmasına dair texniki sənəd yayımlayıb. Gəlirlilik əyrisi ödəməyə 3 aydan 4 ilədək müddət qalan dövlət istiqrazları üzrə bazar gəlirliliyini müqayisə etməyə imkan verir.
ENA.az xəbər verir ki, AMB hesablamada həm dövlət istiqrazlarının ilkin yerləşdirilməsi, həm də təkrar bazarda alqı-satqısı zamanı bağlanan əqdlərdən istifadə edir. Hər həftə üçün əsasən son 90 təqvim gününün məlumatları götürülür. Ödəmə tarixinə 90 gündən az qalan istiqrazlar hesablamaya daxil edilmir.
Əqdlər istiqrazın ödəmə tarixinə qalan müddətə görə yeddi qrupa bölünür və hər qrup üzrə orta çəkili gəlirlilik hesablanır. Daha yaxın tarixdə bağlanan və nominal məbləği daha böyük olan əqdlərə daha çox çəki verilir. Hər hansı qrup üzrə son 90 gündə müşahidə yoxdursa, həmin dövrdən əvvəlki ən son müşahidə götürülür. Daha sonra “Nelson–Siegel” modeli əsasında ayrı-ayrı müddətlər üzrə gəlirlilik qiymətləndirilir.
Sənəddə təhlil edilən 2024–2025-ci illərin məlumatları göstərir ki, ödəmə müddəti uzandıqca dövlət istiqrazları bazarında likvidlik azalır. Əqdlərin seyrək olduğu müddətlərdə model mövcud məlumatlar əsasında gəlirliliyi qiymətləndirməyə imkan verir.
AMB gəlirlilik əyrisini 2023-cü ilin dekabrından həftəlik dərc edir. İnvestorlar bu göstərici vasitəsilə eyni müddətli dövlət və şirkət istiqrazlarının gəlirliliyini müqayisə edə bilirlər. Mərkəzi Bank isə ondan pul siyasəti qərarlarının manatla bazar faizlərinə necə təsir etdiyini qiymətləndirmək üçün istifadə edir.











