GTA VI oyun dünyasında yeni kommersiya rekordu müəyyənləşdirib

GTA VI satışlardan ilk gündə 3,79 milyard dollar gəlir əldə edib
ENA.az Reuters-ə istinadən xəbər verir ki, Rockstar Games şirkətinin yeni videooyunu “Grand Theft Auto VI” (GTA VI) satışa çıxdığı ilk gün 3,79 milyard dollar gəlir əldə edərək əyləncə sənayesi tarixində ən böyük təqdimatlardan birinə imza atıb.
Şirkətin məlumatına görə, oyunun satışa çıxmasından əvvəl 32,5 milyon nüsxəsi satılıb. Bu göstərici bütün platformalar üzrə əvvəlcədən satış rekordudur.
Təxminən 13 illik fasilədən sonra təqdim olunan GTA VI-nın hazırlanmasına təqribən 1 milyard dollar xərcləndiyi bildirilir. Oyun “Metacritic” platformasında 100 bal üzərindən 99 bal toplayıb və tənqidçilərdən yüksək qiymət alıb.
Sensor Tower şirkətinin məlumatına əsasən, satışların təxminən 75%-i PlayStation 5 platformasının payına düşüb. Qalan satışlar isə Xbox Series X və S konsolları vasitəsilə həyata keçirilib. Oyunun kompüter versiyasının 2027-ci ildə təqdim olunması gözlənilir.
GTA VI-nın hadisələri Floridanı xatırladan uydurma Leonida ştatında cərəyan edir. Oyunun əsas personajları cinayət ortaqları olan Lusiya Kaminos və Ceyson Duvalldır. Lusiya seriyanın ilk hərtərəfli işlənmiş qadın baş qəhrəmanı kimi təqdim olunur.
Oyunda şəhər həyatının detalları, polis davranışları və müxtəlif fəaliyyət imkanları əvvəlki versiyalarla müqayisədə daha geniş işlənib. İstifadəçilər sualtı dalğıclıq, gəmi qalıqlarının araşdırılması və quş növlərinin müşahidəsi kimi fəaliyyətlərlə də məşğul ola bilirlər.
GTA VI-nın uğuru oyunun sahibi “Take-Two Interactive” şirkəti ilə yanaşı, konsol istehsalçıları Sony və Microsoft üçün də müsbət nəticə hesab olunur.











