Avropa İttifaqı Telişlidə kiçik biznesə dəstək verdi
İmişlinin Telişli kəndinə səfərimiz maraqlı informasiyalarla başladı: burada yaşayanlar, əsasən, tərəkəmələrdir, həyatlarını qışlaq-yaylaqlarda keçirən bu insanlar 100 il ərzində düz dörd dəfə həm müharibədən, həm də Kür basmasından ziyan görüblər.
2010-cu ildə kənd suyun altında qaldı, düz üç ay insanlar öz evlərinə yaxın gedə bilmədilər, dövlət qurumları fövqəladə rejimdə işlədilər və Kürün qarşısını almaq üçün möhkəm bir bənd çəkildi. Bundan sonra ekoloji daşqından əziyyət çəkənlər üçün miqrant qəsəbəsi tikildi.
Tərəkəmələrin məskəni - Telişli
Beləliklə, “Telişli icması” adı altında İmişli rayon Telişli və Allahmədətli kənd sakinləri birləşirlər və dövlət administrativ bölgüsündə bu əhaliyə “Telişli bələdiyyəsi” xidmət göstərir. Bu icmaya iki kənddən başqa 104 müasir evdən ibarət olan ekomiqrant qəsəbəsinin sakinləri də daxildir.
Telişli icmasında 276 ailədə 1250 nəfər yaşayır. İcma üzvlərindən 60 nəfəri məktəbəqədər yaşlı uşaqlar, 120 məktəbli və 125 nəfəri isə təqaüdçüdür. Əhalinin iş qabiliyyətli 870 nəfərindən yalnız 60 faizi burada yaşayır, qalanı isə iş dalınca Bakıya, Rusiyaya və digər qonşu ölkələrə üz tutublar.
“Telişli icması” öz mənşəyi etibarilə əsas peşəsi heyvandarlıq olan və köçəri həyat sürən tərəkəmələrdir. Məşğuliyyətləri, əsasən, maldarlıq olan bu insanlar ilk zərbəni Şura hökumətindən alıblar. Onların mal-qarasını əlindən alan hökumət kolxoz yaradıb. Sovet dağılanda isə deyiblər ki, mal-qara nə gəzir, get, əvəzində tövlənin daşlarını sök, apar.
Beləliklə, tərəkəmələr yenidən özlərinə dolanışıq qurmağa başlayıblar. Ermənilərin Qarabağı işğalı nəticəsində isə Laçın və Kəlbəcərdəki yay otlaqlarından məhrum olublar. Beləcə, özəl və köçəri təsərrüfatçılıq ənənələrini itiriblər. Yerli İmişli sakinləri onlara “qarabağlılar” deyə müraciət edirlər.
12 işdən beşi seçilib
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin “Kənd yerləri və regionların inkişafına texniki dəstək layihəsi”ndən maliyyə yardımı alan kəndlərdən biri məhz Telişlidir. Səfərimizin məqsədi həmin vəsait hesabına hansı işlərin görüldüyünü öz gözlərimizlə görmək idi. Beləcə, qonaq olaraq kəndin ağsaqqalı Qara kişi və layihənin icraçısı “Ruzgar” EİB-nin rəhbəri İslam Mustafayev tərəfindən qarşılandıq.
İ.Mustafayevin təqdimatından belə məlum oldu ki, kənd icması ilə birlikdə bazar rəqabətli 12 fəaliyyət növü müzakirə edilib və bunlardan beşi seçilib: irriqasiya sistemlərinin qurulması, qədim tərəkəmə xalçalarının bərpa olunması, balıq gölünün yaradılması, Hələb keçisi təsərrüfatının qurulması, satış üçün yolüstü bazarın açılması.
İ.Mustafayevin sözlərinə görə, yaxında (6-7 km) yerləşən kəskin duzlu Sarısu gölünün və Kür çayının suları altında qalmış bu ərazidə torpaqlar öz münbitliyini itirib, irriqasiya sistemləri dağılıb, kənd təsərrüfatının inkişafı üçün yaradılmış institusional potensial məhv olmuşdu.
Şəhər tipli ekomiqrant qəsəbəsində heyvandarlıqla məşğul olmağa, təbii ki, icazə verilmir, ailələr üçün ayrılmış 12 sot həyətyanı torpaq sahəsində suvarma suyu məhdud olduğu üçün əkin-səpinə imkan olmur. Vaxtilə bu icmanın gücü ilə yetişdirilən 400 ton pambıq, 180 ton taxıl, 250 kq barama, dörd min yumurta, beş ton yun, bostan və tərəvəz məhsulları və digər heyvandarlıq məhsulları alış məntəqələrinə təhvil verilərək, ehtiyaclarını tamamilə ödəyirdi.
Hazırda bu kəndlərdə əhali yalnız ərzağa olan ehtiyacının 60-65 faizə qədərini istehsal edə bilir.
Yenilik də olsa, məhsuldardır
İşlərin bir qismi, demək olar ki, görülüb. Məsələn, kəndin içindən keçən və əkin sahələrini əhatə edən kanal qazılıb. Kanala baxış keçirən və aramızda yeganə xarici olan Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin “Kənd yerləri və regionların inkişafına texniki dəstək layihəsi”nin rəhbəri Aleksandra Nerisanu narahatlığını gizlətmədi: “Bu kanal niyə bu qədər dayazdır?”
İ.Mustafayev: “Burada qrunt suları yer səthinə yaxın olduğu üçün dərin qazmaq məsləhət görülməyib”.
Məşhur Hələb keçilərinin saxlanması üçün tövlənin tikintisi işləri tam yekunlaşmasa da, işlər gedir. Deyilənə görə, bu keçilərin südünün yağlılığı 5.9-dur, yaş yarımında çəkisi 150 kiloqrama çatır.
Bir sözlə, tərkibinin zənginliyinə görə südü də, əti də cana dərmandır. Türkiyədə bu keçilərin saxlanılması və qanının digər qarışıqlardan təmizlənməsi üçün xüsusi institut var. Bu institut Bakıya gətirdiyi keçiləri 900 dollara satır. Maştağa bazarında isə 500 manata tapmaq olar, ancaq cins Hələb keçisi olduğuna yüz faiz zəmanət yoxdur.
Ərəbistanın susuz, səhra, pis iqlim şəraitinə dözən keçilər üçün İmişli cənnət sayıla bilər. Onu deyə bilərəm ki, Hələb keçilərini Telişli tərəkəmələri bizdən çox maraqla gözləyir. Çünki kənd əhalisi bu heyvanların sayını artırmaqla böyük təsərrüfat yaratmağı düşünürlər.
Layihə rəhbərinin dediyinə görə, saxlama şəraiti üzrə işlər bitən kimi keçilər alınaraq, icmaya təhvil veriləcək. Amma marağınızı nəzərə alaraq, deyim ki, bu keçiləri fərdi sahibkar Cavid Mürvətlinin həyətində gördük. Cavidin dediyinə görə, keçi südünə tələbat çoxdur, heç sifarişləri çatdıra bilmir. Ona görə də Telişli icmasının Hələb keçilərinin məhsullarını satmaq problemi olmayacaq.
Qaldı ki balıq gölünə, bu gölün ərazisini gördük, deyilənə görə, kanala su verilməyə başlayanda artıq gölün fəaliyyətinə start veriləcək. “Tərəkəmə xalçaları” ilə bağlı planlara gəlincə, xalçanın toxunması üçün yer var, amma qadınlar iplərin verilməsini gözləyirlər ki, başlasınlar.
Ümumilikdə bu layihələr reallaşarsa, ilkin mərhələdə 50-dən çox insanın yeni iş yeri tapması deməkdir.
13 milyon avro ayrılıb
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşı Ramilə Aslanovanın sözlərinə görə, “Kənd yerləri və regionların inkişafına texniki dəstək layihəsi” çərçivəsində doqquz layihəyə 13 milyon avro vəsait ayrılıb. Bu vəsaitlərin istifadəsi və hesabatlılığını daha dərindən aparmaq məqsədilə qurum görülən işlərə daha yaxından nəzarət etmək üçün belə səfərlər təşkil edir.