PAŞA Bank son iki ayda valyuta hərraclarına qatılmayıb
PAŞA Bank son iki ayda valyuta hərraclarında iştirak etməyib
PAŞA Bankın müştəri hesablarında valyuta qalıqları 36 faiz artıb. ENA.az-ın bunun səbəbləri və vəsaitlərin hansı sektoru əhatə etməsi ilə bağlı sualını bankın Baş maliyyə inzibatçısı Murad Süleymanov cavablandırıb.
Onun sözlərinə görə, söhbət neft sektorundan deyil, qeyri-neft sektorundan gedir. Xarici valyutada olan vəsaitlər əsasən istehsalat sektoruna aiddir.
M.Süleymanov bildirib ki, PAŞA Bank son iki ay ərzində Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında iştirak etməyib. Onun sözlərinə görə, hazırda bazarda valyuta təklifi tələbi üstələyir.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev isə qeyd edib ki, mövcud vəziyyət əsasən mövsümi amillərlə bağlıdır.
O bildirib ki, bazar özünü normal və məhsuldar şəkildə tənzimləyir.
“İlin növbəti dövrlərində həm neft, həm də qeyri-neft sektoru üzrə valyutaya tələbatın artacağını gözləyirik. Bu da ümumi makroiqtisadi dinamika ilə bağlıdır”, – deyə C.Quliyev əlavə edib.

















