MALİYYƏ

Kompensasiyaların ödənilməsi ilə bağlı - PALATADAN AÇIQLAMA

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. 13 may 2019-cu il tarixinə qədər artıq 506 min vətəndaşımıza ödənişlər təmin edilmişdir ki, bu da planın 84%-nin icra edildiyinin göstəricisidir.

Bu, "ENA"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. 

Edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlmiş və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunmuşdur. 

"Əlavə olaraq bildiririk ki, artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilmişdir. Bundan sonra vətəndaşlar apellyasiya komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır",- məlumatda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department