"İnsanlar düşünür ki, vergi ödəmirəmsə, niyə hesabat verməliyəm?"
“Hesabat verməmək qanun pozuntusudur, bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində çox ciddi sanksiyalar nəzərdə tutulub”.
Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov deyib ki, bizdə kənd təsərrüfatı ilə bağlı bəzi məsələlər hələ də açıq qalmaqdadır:
“Təxminən 20 ildən artıqdır bu sektor yalnız torpaq vergisindən başqa digər vergilərdən azaddır. Bu güzəştlər bir növ onunla nəticələndi ki, insanlar düşünməyə başladı, “vergi ödəmirəmsə, niyə hesabat verməliyəm?” Hesabat verməmək qanun pozuntusudur, qanunda var. Bununla bağlı çox ciddi sanksiyalar nəzərdə tutulub. Düzdür, bu sanksiyalar kənd təsərrüfatına münasibətdə 2020-ci ilin yanvarın 1-dən tətbiq edilməyə başlayacaq. Amma bu gündən biz onları başa salmağa, kənd təsərrüfatında uçot məsələlərini səhmana salmağa çalışırıq. Bundan sonra da bu sahədəki vergilərdən azadolma 5 il müddətində uzadıldı. Heç kəs düşünmür ki, kimsə cənab Prezidentin imzaladığı sənəddə göstərilən 5 ildən tez müddətdə vergiyə cəlb edilsin. Buna ehtiyac da yoxdur. Çünki bu sektorun inkişafı üçün belə tədbirləri biz yəqin ki, bundan sonra da davam etdirəcəyik. Amma uçot olmalıdır. Bu nə deməkdir – məhsul istehsal edənlər vegidən azaddır, amma onun satışı ilə məşğul olanlar vergidən azad deyil. İstehsalçılar nə qədər məhsul istehsal etdiyini göstərmədiyi təqdirdə, digərləri uçotdan-vergidən yayınmağa şərait əldə etmiş olurlar”.
Nazir müavini bəzilərinin onları yaxşı başa düşməməsindən də şikayətlənib:
“Təəssüf ki, bəziləri bizi yaxşı başa düşmür. Amma vergi orqanları öz işini dərin iqtisadi təhlillər əsasında qurur. Bizdə hamı öz işini bu üslubda qurur. Uyğunsuzluq müəyyən edildikdə bu vergi ödəyicisinə göndərilir və müvafiq sənədlərin təqdim edilməsi tələb olunur. Ola bilər bu texniki xəta, yaxud mühasib səhvindən baş versin. Bəzən bu bilərəkdən olur”, - deyə S.Ələkbərov əlavə edib.
Qeyd edək ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir. Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir. Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alğı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.
Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 2 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır. Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq.