Xəzəri çirkləndirən otel və istirahət mərkəzlərinin adları açıqlandı - SİYAHI
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələri göstərib ki, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığından, müəssisə və təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir və nəticədə çirkab sular təbii axarlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır”.
"BI" xəbər verir ki, bunu ETSN-nin idarə rəisi Ərəstun Həsənov deyib.
O bildirib ki, aparılmış analitik təhlillərin nəticələrinə görə su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub.
ETSN rəsmisinin sözlərinə görə, Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır ki, bunlar da Xəzəri çirklənməyə məruz qoyur: “Çayların çirklənməsinə səbəb “Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır”.
Ə. Həsənov qeyd edib ki, “Aysberq” oteli, “Aysberq” pivə və “Qafqaz” konserv zavodlarında formalaşan tullantı suları Qudyalçay vasitəsilə, Nabranda fəaliyyət göstərən “Malibu”, “Oberlyuks”, “Atlant”, “Mayak”, “Dənizçi”, “Lokomativ”, “Sunset”, “Palma” istirahət mərkəzlərində formalaşan tullantı suları isə birbaşa Xəzər dənizinə axıdılır: “Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində bərk məişət tullantılarının düzgün idarə olunmadığı və antisanitar vəziyyətin əmələ gəldiyi müşahidə edilib”.
Ə. Həsənov aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün ETSN tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə, bələdiyyələrə, obyekt və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verildiyini, xəbərdarlıq-bildiriş məktubları göndərildiyini vurğulayıb.