Azərbaycanda internet xidmətlərindən gəlirlər bir ildə 35% artıb
Azərbaycanda internet xidmətləri informasiya və rabitə sektorunun ən sürətlə böyüyən istiqamətlərindən birinə çevrilib. Son dövrlər internet providerlərinin kütləvi qiymət artımı, onların gəlirlərinin artımına səbəb olub.
Məlumata görə, 2025-ci ildə internet xidmətlərinin göstərilməsindən əldə olunan gəlir 636,4 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 471 milyon manat idi.
Beləliklə, internet xidmətlərindən gəlirlər bir il ərzində təxminən 35,1% artıb.
2021-ci ildə bu sahədən cəmi 249,1 milyon manat gəlir əldə olunurdu. Dörd il ərzində göstərici 2,5 dəfədən çox artıb.
Internet xidmətlərinin ümumi informasiya və rabitə xidmətlərində payı da sürətlə yüksəlir. 2021-ci ildə sektorun ümumi gəlirlərinin 10,4%-i internet xidmətlərinin payına düşürdüsə, 2025-ci ildə bu göstərici 15,8%-ə çatıb.
Əhaliyə göstərilən internet xidmətlərinin dəyərində artım daha yüksək olub. 2025-ci ildə bu göstərici 448,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 45,5% çoxdur.
2021-ci illə müqayisədə əhaliyə göstərilən internet xidmətlərinin dəyəri təxminən 2,9 dəfə artıb.


















