Sosial iqtisadiyyat

"Onların var-dövləti vəzifədə olanda aşkarlanmalıdır"

“Hesablama Palatası öz işini elə yüksək səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar tərəfindən büdcə vəsaitinin dağıdılmasına, mənimsənilməsinə imkan verilməsin”

"BI" xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin plenar iclasında Hesablama Palatasının illik  hesabatına münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələ Milli Məclis səviyyəsində illərdir müzakirə olunur və rəqəmlər söylənilir: “Ancaq bu ənənəyə son qoyulmur. Necə etmək olar ki, büdcəyə bu cür neqativ yanaşmalar  baş verməsin?! Ona görə də Hesablama Palatası öz işini yüksək qurmaqla yanaşı, müstəqilliyini də təmin etməlidir. Elə etməlidir ki, bu və ya digər qurumların, şəxslərin təsirinə məruz qalmasın. Bundan əlavə, biz kimsə vəzifədən çıxandan sonra var-dövləti haqqında məlumatları eşidirik.

Ancaq Hesablama Palatası bunu zamanında aşkarlamalıdır. Bu vəsaitlərin qaytarılması ilə iş bitməli deyil, büdcəni mənimsəyənlər Azərbaycan qanunları qarşısında ciddi cavab verməlidirlər”.

Deputat Fazil Mustafa isə çıxışında qeyd edib ki, büdcədən vəsait mənimsənilirsə, bu cinayətdir. Buna yumşaq ad qoymaqla, cinayətdən imtina etməyə başlayırıq. O bildirib ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var: “Dövlət satınalmalarında ziddiyət qabarıq şəkildə özünü göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda, Hesablama Palatasının təsir imkanları böyük olsa da, reallıq baxımından çox yerlərə təsir etmək imkanı yoxdur. Hesablama Palatasının bu problemlərin aradan qaldırılmasında öncüllüyünü təmin etməsək, gələcəkdə bu problemlərin qarşısını almaq çətin olacaq. İslahatlar aparmaq niyyətimiz ardıcıldırsa, Hesablama Palatasının rəyi ilə bunları aradan qaldırmaq olar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)